Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub

  • 21:30 - 13 Dekabr

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Kolumbiyanın xarici işlər naziri Claudia Blum iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər. 

XİN-dən  verilən məlumata görə, E.Məmmədyarov məktubunda ötən 25 il ərzində dostluq və əməkdaşlıq əsasında qurulan münasibətlərin Azərbaycan ilə Kolumbiya arasında gələcək davamlı inkişafın əsasını təşkil etdiyini bildirib.

Daha sonra nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həlli istiqamətində Kolumbiyanın Azərbaycana göstərdiyi qətiyyətli dəstəyə görə təşəkkür edib. Bu xüsusda Kolumbiya Senatı tərəfindən 2018-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində qeyd olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarında dərhal və qeyd-şərtsiz çıxarılmasını əks etdirən qətnamənin qəbul olunmasını xüsusi vurğulanıb. Nazir beynəlxalq ictimaiyyətin birgə mövqeyi nəticəsində münaqişənin tezliklə öz həllini tapacağına ümid etdiyini bildirib.

Sonda E.Məmmədyarov Azərbaycanın Klolumbiya ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunub. Ortaq dəyərlər və qarşılıqlı maraq əsasında, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və Sakit Okean İttifaqında fəaliyyəti çərçivəsində mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı naminə birgə səylərin əsirgənməyəcəyindən əmin olduğunu qeyd edib.

K.Blum E.Məmmədyarova ünvanladığı məktubda dekabrın 13-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırıb.

Məktubda Azərbaycan-Kolumbiya arasında siyasi məsləhətləşmələrə toxunulub və Kolumbiyanın Azərbaycana birinci səfirinin təyin edilməsi ilə bağlı qərarı xüsusi qeyd olunub.

Bununla yanaşı, Azərbaycan və Kolumbiyanın beynəlxalq xarakterli vacib məsələlərdə eyni mövqedən çıxış etməsi, təhlükəsizlik, sabitlik və firavanlıq naminə birgə mübarizəsi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı vurğulanıb.

Daha sonra K.Blum məktubunda əməkdaşlıq, iqtisadi əlaqələrin dərinləşdirilməsi və xalqlarımız arasında dostluq münasibərlərinin daha da möhkəmləndirilməsi naminə birgə gələcək səylərin göstərilməsində maraqlı olduğunu bir daha diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan ilə Kolumbiya arasında diplomatik əlaqələr 13 dekabr 1994-cü ildə qurulub.


Oxunma sayı: 4093

Oxşar yazılar