UEFA əsgər salamına görə Türkiyə millisinə cəza verməyib

  • 12 Dek - 2019

UEFA-nın Türkiyə millisinin oyunlarındakı əsgər salamı ilə bağlı qərarı bəlli olub. 

Bunun üçün yığmaya hər hansı bir cəza tətbiq etməyib. 

Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə oyunda (1:1) və evdə Albaniyanı məğlub etdikləri görüşdə (1:0) vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. UEFA bundan sonra yığmaya qarşı intizam işi başlatdığını açıqlayıb.  

AVR0-2020-nin əsas mərhələsində A qrupunda yer alan komanda iki matçını Bakıda keçirəcək. 

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək. 

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.


Oxunma sayı: 1255

Oxşar yazılar