Nəqliyyat işçilərinin tətili Paris şəhərinin girişində 400 kilometrlik tıxaclara səbəb olub

  • 19:28 - 12 Dekabr

Nəqliyyat işçilərinin keçirdiyi tətilin səkkizinci günündə Fransa paytaxtına aparan avtomobil yollarında 400 kilometr uzunluğunda tıxaclar yaranıb.

Artıq səkkizinci gündür Paris metrosunun 19 xəttindən 10-u bağlıdır, dördü isə pik saatlarında fəaliyyət göstərir. Metropolitenin yalnız tam avtomatlaşdırılmış iki xətti normal işləyir.

Tətil iştirakçıları dekabrın 12-də paytaxtın altı avtobus parkının giriş-çıxışını tamamilə, daha onunu isə qismən bağlayıb. Həmçinin səhər saatlarında paytaxtda tramvay və avtobusların yarıdan çoxu xəttə çıxmayıb.

Yüksəksürətli TGV ekspreslərinin yalnız 25 faizi Fransanın iri şəhərləri arasında dəmiryol əlaqəsini həyata keçirir. Parisdə elektrik qatarlarının sayı normal günlə müqayisədə iki dəfə azalıb.

Qeyd edək ki, Fransada tətillər hökumətin pensiya islahatlarına qarşı yönəlib. Baş Nazir Eduar Filipp dekabrın 11-də gözlənilən pensiya islahatlarının xüsusiyyətlərini izah edib. Onun sözlərinə görə, yaxın illərdə pensiyalar 62 yaşdan deyil, 64 yaşdan sonra veriləcək. Həmçinin hazırda mövcud olan bir sıra pensiya rejimləri ləğv ediləcək və nəticədə dövlət nəqliyyat müəssisələrinin işçiləri təqaüdə daha erkən çıxmaq imkanlarını və bəzi imtiyazları itirəcək.

Bu qərar həmkarlar ittifaqının kəskin etirazına səbəb olub. Onlar tətilləri nəinki davam etdirəcəklərini, hətta daha da sərtləşdirəcəklərini bəyan ediblər. Dekabrın 17-də ölkədə ən iri ümummilli etiraz günü baş tutacaq.


Oxunma sayı: 4654

Oxşar yazılar