Arçil Talakvadze: Gürcüstan parlamentinə kimyəvi hücum olub

  • 18:36 - 12 Dekabr

Gürcüstan parlamentinə kimyəvi hücum olub. Nəticədə bir neçə nəfər zəhərlənib.

Avropa.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Arçil Talakvadze deyib.

O bildirib ki, parlamentin iclasında deputatların və əməkdaşların halının pisləşməsi məhz bununla bağlıdır. Hansı kimyəvi maddədən istifadə olunması və insidenti kimin törətdiyini müəyyənləşdirmək üçün tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Gürcüstan parlamentinin bugünkü iclasında müxalifətdən olan iki deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib. Nəticədə ikisi deputat olmaqla dörd nəfərin səhhətində problem yaranıb.

Nəfəs almaqda çətinlik çəkən şəxslər xüsusi maska ilə təmin olunublar. Halı pisləşən əməkdaşlardan biri xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib.

İnsidentə görə məsuliyyəti “Utanc” hərəkatı öz üzərinə götürüb. Hərəkatın fəalları yaydıqları məlumatda qeyd ediblər ki, “mövcud sistem iylənir”.

Hadisə ilə əlaqədar iclasda texniki fasilə elan olunub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları iclas zalında araşdırma aparırlar. Gürcüstan Daxili İşlər Nazirliyində qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanıb.


Oxunma sayı: 4808

Oxşar yazılar