Haaqa məhkəməsində Rohinca müsəlmanlarına qarşı soyqırımı iddialarına baxılır

  • 21:26 - 11 Dekabr

Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsində Myanma dövlətinin Rohinca müsəlmanlarına qarşı törətdiyi soyqırım iddiaları ilə bağlı məhkəmə prosesi keçirilir.

Myanma lideri, Nobel Sülh mükafatı laureatı Aung San Suu Kyi məhkəmədə ifadə verib.

Bildirilir ki, 915 min Rohinca müsəlmanının Banqladeşdə sığınacaq tapdığı, minlərlə insanın qətlə yetirildiyi və zorakılığa, o cümlədən qadınların zorlamalara məruz qaldıqları cinayətlərlə bağlı çıxış edən Myanma lideri iddiaları “əsassız və yanlış” adlandırıb. O, Rohincadakı qəbilələrin silahlı dəstələrinin ordu hissələrinə hücum etdiklərini və silahlı münaqişə yarandığını iddia edib. Lakin BMT-nin bu məsələ ilə əlaqədar xüsusi məruzəçisi Myanma liderinin ordu üzərində nəzarəti itirdiyini və ağır soyqırım cinayətlərinin baş verdiyini təsdiq edib.

Məhkəmə binasının yaxınlığında etiraz aksiyası keçirən insanlar isə “Aung San Suu Kyi, özündən utan!” şüarı səsləndiriblər. Eyni zamanda, Myanmanın şəhərlərində hökumətin tərəfdarlarının, Banqladeşdəki çadır şəhərciklərində isə müsəlmanların mitinqləri keçirilir.

Soyqırımı iddialarını əsaslandırmaq üçün Myanmaya göndərilmiş BMT missiyası qeyd edib ki, 2017-ci ilədək Rohinca əyalətində yaşayan 1 milyondan çox müsəlmana qarşı ayrı-seçkilik, sonradan isə onların fiziki məhvi və didərgin salınması siyasəti aparılıb. Bu ilin mayında isə müsəlmanları qətlə yetirən Myanma ordusunun əsgərləri vaxtından əvvəl həbsxanadan buraxılıblar.


Oxunma sayı: 4412

Oxşar yazılar