Fransada etirazçılar neftayırma müəssisələrini mühasirəyə alıblar

  • 20:02 - 10 Dekabr

Fransada təqaüd islahatına qarşı kütləvi tətilin iştirakçıları səkkiz neftayırma müəssisədən yeddisini mühasirəyə alıblar. 

Bu barədə ölkənin həmkarlar federasiyasının baş katibi Emanuel Lepin məlumat verib. 

O, həmin müəssisələrin "Esso" və TOTAL şirkətlərinə məxsus olduğunu qeyd edib. 

Hazırda yalnız Yuxarı Normandiyanın Notr Damme de Qravenşon qəsəbəsindəki “Esso” şirkətinin neftayırma müəssisəsinin mühasirəyə alınmadığını dilə gətirən E.Lepin çərşənbə günü baş nazir Eduard Filip tərəfindən keçiriləcək dəyərləndirmələrin nəticəsinə görə müəssisələrin fəaliyyətini dayandıracaqlarının istisna olmadığını diqqətə çatdırıb. 

Luar-Atlantik departamentində TOTAL-a məxsus neftayırma müəssisəsinin də hökumətin nəzərdə tutuduğu təqaüd islahatına qarşı etiraz edərək 24 saatlıq tətilə başladığını qeyd edən E.Lepin hazırda boru kəmərləri, gəmilər, dəmir yolu və avtomobillər vasitəsilə neft məhsulları nəqlinin dayandığını, müəssisədən bir damcı belə yanacağın kənara çıxarılmadığını, müəssisələrin təhlükəsizliyini təmin etmək istisna olmaqla heç bir fəaliyyətin aparılmadığını vurğulayıb. 

“Esso” şirkətinin sözçüsü Fos şəhərindəki neftayırma müəssisəsinə məhsul nəqlinin dayandırılması ilə çox məhdud zərbə vurulduğunu qeyd edib. 

Ötən gecə Var departamentində 60-dək şəxsin Puje-sur-Arjen şəhərindəki neft anbarını mühasirəyə almağa cəhd göstərdikləri, lakin jandarma tərəfindən dağıdıldıqları da bildirilir.(report)


Oxunma sayı: 11188

Oxşar yazılar