Çingiz Mustafayevin radiosuna iki iddiaçı var – APA və Real TV (Yenilənib)

  • 14:07 - 10 Dekabr

Milli Yayım Şurası milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.

Qeyd edək ki, FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Virtualaz.org-a məlum olub ki, tenderdə iştirak etmək və sonradan öz radiolarını açmaqdan ötrü iki qurum -APA media holdinqi və Real TV müraciət edib.

Jurnalistlərə, həmçinin məlum olub ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.

Xatırladaq ki, bir gün əvvəl virtualaz.org və haqqin.az saytlarının redaksiyalarına Azərbaycan elitasından müraciət daxil olmuşdu. Yaradıcı ziyalıların nümayəndələri, məşhur elm adamları, yazıçılar, jurnalistlər, bəstəkarlar, tanınmış ictimai xadimlər Milli Qəhrəmanın adını daşıyan radiostansiyanın taleyindən narahatlıqlarını ifadə etmişdilər.

***

“APA Media Group Milli Televiziya və Radio Şurasına radiotezliklə bağlı heç bir müraciət etməyib”.

Bunu “APA Group”un baş direktoru Vüsalə Mahirqızı deyib.

V. Mahirqızı bildirib ki, gələcəkdə “APA Group”un tərkibində fəaliyyət göstərən APA TV internet televiziyasının fəaliyyətinin lisenziyalaşdırılması üçün Milli Televiziya və Radio Şurasına müraciət olunması nəzərdə tutulub.

Qeyd edək ki, bu gün haqqın.az saytında “APA Group”un MTRŞ-nın elan etdiyi radiotezlik müsabiqəsində iştirak üçün müraciət etməsi barədə yanlış informasiya yayılıb.


Oxunma sayı: 3576

Oxşar yazılar