DİM: “Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olunacaq”

  • 10 Dek - 2019

Ali məktəblərə hazırlaşan abituriyentlər və onların valideynlərini növbəti tədris ili üçün qəbul imtahanlarının tarixinin elan olunacağını səbirsizliklə gözləməkdədirlər.

Dövlət İmtahan Mərkəzi (DİM) isə hələ ki ali məktəblərə qəbul imtahanlarının konkret hansı tarixdə keçiriləcəyini açıqlamır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda bir sıra böyük miqyaslı tədbirlər planlaşdırlıb. Belə ki, fevral ayında parlament seçkiləri, martda “Formula 1” yarışı, iyunda futbol üzrə Avropa Çempionatının final mərhələsinin qrup oyunları keçiriləcək.

İstisa deyil ki, bu tədbirlərlə əlaqədar qəbul imtahanlarının vaxtında dəyişiklik edilsin.

Xatırladaq ki, DİM 2019-cu ildə ali məktəblərə yaz qəbul imtahanlarını apreldə, yay imtahanlarını isə iyulda keçirib.

Bəs 2020-ci ildə imtahanlar hansı tarixlərdə olacaq?

Modern.az saytının əməkdaşı məsələnin aktuallığını nəzərə alaraq,  DİM-in mətbuat xidməti ilə əlaqə saxlayıb.

Qurumun Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, DİM ölkədə keçirilən kütləvi tədbirləri nəzərə alır:

"DİM tərəfindən keçirilən tədbir və imtahanların qrafiki tərtib olunan zaman təbii ki, digər kütləvi tədbirlər nəzərə alınır. Ali məktəblərə qəbul imtahanlarının qrafiki hələ ki əlaqədar təşkilatlarla müzakirə olunur və gələn ilin əvvəllərində elan olunacaq".


Oxunma sayı: 914

Oxşar yazılar