Bakıda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulub - Foto

  • 18:48 - 09 Dekabr

Dekabrın 9-da “Zabrat” aeroportunun ərazisində Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Avropa.info xəbər verir ki, yeni mərkəz mülki aviasiyanın inkişafı ilə bağlı iqtisadi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının qərarlarına əsasən birgə layihələrin icrası çərçivəsində tikiləcək və regionda bu tipli yeganə müəssisə olacaq. Layihə “Rusiya Helikopterləri” səhmdar cəmiyyəti ilə birgə həyata keçiriləcək.

Müvafiq saziş "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov və “Rusiya Helikopterləri” SC-nin baş direktoru Andrey Boginskiy tərəfindən imzalanıb.

Təməlqoyma mərasimində Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov iştirak ediblər.

Tikinti üçün ayrılmış ərazi ilə tanışlıqdan sonra təməlqoyma mərasimi keçirilib, tədbir iştirakçıları simvolik kapsulu mərkəzin təməlinə yerləşdiriblər.

Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin yaradılması Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı iqtisadi siyasətinin davamıdır. Mərkəz Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edəcək, həmçinin yüksək kvalifikasiyalı mütəxəssislər üçün yeni iş yerləri yaradacaq və ölkənin müxtəlif məqsədlər üçün istifadə olunan vertolyot parkını əhatə etməklə yanaşı, gələcəkdə mərkəz təmir üçün Rusiya helikopter avadanlıqlarının regional operatorlarını da cəlb edəcək.

Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı helikopterin təmiri, daha sonra isə istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.

Azərbaycan ərazisində belə bir unikal və rəqabətqabiliyyətli müəssisənin yaradılması ölkədə kiçik aviasiyanın inkişafında, aviasiya sektorunda yeni kadrların hazırlanmasında uğurun növbəti açarı olacaq.


Oxunma sayı: 6964

Oxşar yazılar