Mehriban Əliyevanın təşəbbüsü bu gün ölkə üzrə ağacəkmə aksiyası keçirilir - Foto

  • 12:00 - 06 Dekabr

"Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə bu gün Azərbaycanın bütün regionları həvəslə, yüksək əhval-ruhiyyə ilə qoşulub". 

Bunu kampaniya çərçivəsində jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib. O bildirib ki, bu xeyirxah təşəbbüsə hamının səfərbər olması çox qürurvericidir: 

"Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə ağacların əkilməsinə başlanılıb. Bura zeytun, badam əsasən meyvə ağacları aiddir. Müşviqabadda keçirilən kampaniyada ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri,  dövlət və özəl qurumların nümayəndələri iştirak edirlər". 

V.Kərimov qeyd edib ki, bu gün burada 1000-ə yaxın insan ağacəkmədə iştirak edir. 

Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün ölkənin hər yerində eyni vaxtda hamı bu aksiyaya qoşulub: 

"Ölkənin bütün regionlarında vətəndaşlar çox böyük həvəslə ağac əkmə aksiyasında iştirak edir. Bu, torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasina çox böyük töhfədir". 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, bu tədbir yaşıllıqların salınması baxımından mühüm bir təşəbbüsdür:  

"İnsan ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir, xüsusən də müasir zamanda. Keçirilən bu aksiya ölkəmizdə yeni yaşıllıq zonalarının salınması, Azərbaycanımızın daha da gözəlləşməsinə, zənginləşməsinə böyük töhfədir". 

Qeyd edək ki, bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı ağacəkmə kampaniyası başlayıb. Respublikanın bütün regionlarını əhatə edən bu təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib.  

Bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına müsbət təsir göstərəcək. 

APA


Oxunma sayı: 7118

Oxşar yazılar