Sabah Azərbaycanda 650 min ağac əkiləcək

  • 13:42 - 05 Dekabr

"Sabah Azərbaycanda 650 min ağac əkiləcək. Artıq ağac əkiləcək bütün ərazilərdə torpaq hazırlıq işləri başa çatıb, çalalar qazılıb, əkiləcək ağac tingləri ərazilərə gətirilib". 

Avropa.info xəbər verir ki, bu fikirləri jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçiriləcək ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edəcək: “Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edəcək”.

Nazirliyin sözçüsü deyib ki, 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək: “İnanırıq ki, bu aksiya ilə insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönələn xeyirxah ənənənin əsası qoyulacaq”.


Oxunma sayı: 3136

Oxşar yazılar