"Ermənistan Ankaranın üç əsas tələbini yerinə yetirməlidir" – Hüseyn Altınalan

  • 04 Dek - 2019

Ermənistan münasibətlərin qurulması üçün Ankaranın üç əsas tələbini yerinə yetirməlidir.

Avropa.info bildirir ki, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.

O bildirib ki, bunun üçün Ermənistan ilk növbədə işğal olunmuş Dağlıq Qarabağı və ətraf rayonları azad etməli, ikincisi, Türkiyə torpaqlarına iddia etməməli, eləcə də 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir.

H.Altınalanın sözlərinə görə, 1991-ci ildə Ermənistan müstəqillik əldə edəndə Türkiyə bu ölkə ilə diplomatik münasibətlərə başlamaq istəyirdi, amma bunun üçün Ermənistanla mövcud problemlərin həlli nəzərdə tutulmuşdu.

O vurğulayıb ki, Dağlıq Qarabağ, eləcə də digər Azərbaycan rayonları erməni işğalı altında olduğu müddətdə Ermənistanla münasibətlərin qurulması mümkün deyil.

Mətbuat müşaviri əlavə edib ki, Türkiyə özünün dövlət sərhədlərini də tanımayan ölkə ilə münasibətləri qura bilməz:

“Məlumdur ki, Ermənistan Türkiyə torpaqlarına iddia edir. Amma o da məlumdur ki, Türkiyə ilə Ermənistan arasında müasir sərhədlər 1921-ci ildə Moskva və Qars müqavilələri ilə müəyyən edilib, ona görə də Ermənistanın Türkiyəyə qarşı ərazi iddiaları əsassız və absurddur”.

1915-ci il hadisələri ilə əlaqədar olaraq H.Altınalan qeyd edib ki, Ermənistan arxivlərin açılmasına mane olur və Ankaranın hadisələrin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın çağırışlarına qarşı çıxır:

“Ermənilərin 1915-ci il hadisələri ilə bağı iddialarının sənədli təsdiqi və ya hüquqi əsası yoxdur və bu iddialar qəbuledilməzdir”.


Oxunma sayı: 1409

Oxşar yazılar