Konqres uyğurlara edilən zülmə görə Çini cəzalandıracaq

  • 13:25 - 04 Dekabr

ABŞ Konqresinin Nümayəndələr Palatası Sitszyan-Uyğur Muxtar Rayonunda yaşayan türklərə qarşı apardığı təzyiq siyasətinə görə, Çin rəsmilərinə sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.

Avropa.info xəbər verir ki,  Demokrat partiyasının Kaliforniyadan deputatı Brad Şermanın təklif etdiyi qanun layihəsi hər iki partiyanın səs çoxluğunu qazanaraq 1 səs əleyhinə, 407 səslə qəbul olunub.

Keçən ay ABŞ senatında qəbul edilən layihənin fərqli versiyası olan qanunda uyğur türklərinə və digər müsəlman azlıqlara təzyiq və zorakılıq siyasəti aparan Çin rəsmilərinə sanksiyalar tətbiq etməklə bağlı prezident Donald Trampa çağırış var.

Layihədə müşahidə funksiyası olan ABŞ istehsalı bütün cihazların Çinə satılmasının qadağan olunması istənilir. Bundan əlavə, Sitszyan-Uyğur Muxtar Rayonunda insan haqlarının pozulmasında rolu olan 120 nəfər Çin rəsmisinin hamısının adının Konqresə göndərilməsi tələb olunur.

Nümayəndələr Palatasının üzvü Kevin Makkarti qanun layihəsi ilə bağlı danışaraq, ABŞ-ın regiondakı azlıqların məruz qaldığı təzyiqlərə biganə qala bilməyəcəyini deyib.

Konqresdən keçən “Honkonq demokratiya və insan haqlar qanunu”nda olduğu kimi bu layihədə də Çin Kommunist Partiyasına sadə, amma güclü mesaj göndəririk. Əsaslı səbəblər olmadan insanların haqları bahasına hakimiyyət qurula bilməz”.

Nümayəndələr Palatası və Senatdan keçən layihənin əvvəlcə birləşdirilməsi, sonra imzalanmaq üçün Ağ Evə göndərilməsi gözlənilir.

Qeyd edək ki, Çin son illər uyğur türklərinin yaşadığı Sitszyan-Uyğur Muxtar Rayonunda “təlim mərkəzi” adı ilə fəaliyyət göstərən düşərgələrdə uyğurların etnik mənsubiyyət və mədəniyyətinin yox edilməsi fəaliyyətinə görə, beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə məruz qalır.

“Human Rights Watch” təşkilatının hesabatında Sitszyan-Uyğur Muxtar Rayonunda son iki il ərzində Çin hökumətinin siyasi cəhətdən təhlükəli gördüyü uyğurları “qabaqlayıcı polis tədbirləri” adı ilə heç bir məhkəmə qərarı olmadan zorla bu düşərgələrə göndərdiyi qeyd olunur. 


Oxunma sayı: 4720

Oxşar yazılar