Prokuror idarə rəisini şantaj edən dəstəyə 44 il cəza istədi

  • 17:41 - 03 Dekabr

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəmə prosesi davam edib.

Avropa.info Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı Elşən Cabbarovun 12 il, Təbriz Əsədov və Məmməd Cəfərovun hər birinin 11 il, Şüşəxanım Ədirova və Elza Bünyatovanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ötən ilin oktyabrında həbs edilən Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. İttihama görə, Elşən Cabbarov digərləri ilə əlbir olaraq Bulat Ağabəyovu şantaj edərək ondan hər ay 7 min manat pul alıb. Bundan başqa, Elşən Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinib.

İstintaq orqanı tərəfindən Elşən Cabbarova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkən şəxs qismində tanınıb.


Oxunma sayı: 3433

Oxşar yazılar