İğtişaşlar səbəbindən Honkonqa səfər edənlərin sayı 43,7 faiz azalıb

  • 01 Dek - 2019

Cari ilin oktyabrında Çinin Honkonq xüsusi inzibati bölgəsinə səfər edənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43,7 faiz azalaraq, 3,31 milyon nəfərə düşüb.
Avropa.info xəbər verir ki, bu barədə Honkonqun turizm bürosu məlumat yayıb. Ümumilikdə Honkonqu ziyarət edənlərin sayında azalma iğtişaşlar başlayandan sonra, iyul ayından bəri müşahidə olunur. Ötən ay Çinin materik hissəsindən Honkonqa səyahət edənlərin sayı 45,9 faiz, Yaponiyadan olanların 44,9, ABŞ turistlərin sayı isə 38,2 faiz azalıb. Yanvar-oktyabr aylarında Honkonqa səfər edənlərin sayındakı azalma 4,7 faiz təşkil edib.
İnzibati bölgənin əsas aviasiya şirkətlərindən olan "Hong Kong Airlines" gələn ilin fevralından Kanadanın Vankuver, Vyetnamın Xoşimin və Çinin Tiencin şəhərlərinə uçuşları dayandıracağını açıqlayıb.
Qeyd edək ki, cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər.


Oxunma sayı: 639

Oxşar yazılar