Ahıska türkləri üçün Sovet hərbçilərinə əsir düşən və Azərbaycanda dəfn olunan Türk əsgərinin hekayəti - Ruslan Bəşirlinin yazısı

  • 17:02 - 27 Noyabr

Ahsıka türkləri hazırda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya və Türkiyədə kompakt halda, digər yerlərdə isə dağınıq şəkildə yaşayan türk xalqlarından biridir. Bəzən onları yanlış olaraq, Mesxeti türkləri də adlandırırlar. Dilləri, adət -ənənələri, folkloru və mədəniyyəti qədim türk məskəni olan Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum - Qars ərasizindəki türklərə çox yaxındır. 

Ahıska türklərinin yaşadığı Adıgön-Ahıska bölgəsi 1829-cu ilədək Osmanlı ərazisi olub. 1829-cu ildə "Ədirnə müqaviləsi" ilə Osmanlıdan alınaraq, Rusiyaya birləşdirilən Ahıska və Axalkələk bölgəsi Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə bir növ nəzarətsiz zonaya çevrildi. Əhalisi əsas etibarilə müsəlman acarlar və türklərdən ibarət olan bu bölgə xalqı sovetlərin 1917-ci ildə elan etdiyi "Rusiyadakı millətlərin haqlarına aid bəyannamə" hüququndan istifadə edərək, 26 aprel 1918-ci ildə ümumi bir qərarla Osmanlıya birləşmək istədiklərini bildirdilər. Batum, Ahıska, Acar və Axalkələk bölgələri xalqlarının Osmanlı hökumətinə göndərdiyi imzalı möhürlü müraciət Osmanlı tərəfindən qəbul edildi. Azərbaycan, Gürcüstan və Ermənistanın təmsil olunduqları Zaqafqaziya Seymi bu qərara etiraz etmədi. Bütün bunları nəzərə alan Osmanlı nümayəndə heyəti 11 may 1918-ci il Batum Konfransında Batum, Ahıska və Axalkələk nahiyyələrinin Osmanlıya ilhaqını tələb etdi. Osmanlı nümayəndə heyətinin başçısı Xəlil paşa bu iki bölgənin Osmanlı dövlətinə bağlandığını Zaqafqaziya Seymi nümayəndə heyətinə də rəsmən bildirmişdi. Gürcü nümayəndələr öncə bunu qəbul etməsə də, Osmanlı nümayəndə heyətinin başçısı Xəlil paşanın təkidli tələbi ilə bunu qəbul etmək zorunda qalmışdılar. Sovet hökumətinin "Batum müqaviləsi"ni tanımamaq haqqında nota verməsinə baxmayaraq, nə Osmanlı, nə də Zaqafqaziya Seymi buna əhəmiyyət verib. Zaqafqaziya Seymi dağıldıqdan sonra, Osmanlı müstəqil olan Azərbaycan və Ermənistanla bu haqda yenidən müqavilə imzaladı. 

Похожее изображение

Gürcüstanla bağlanan sülh müqaviləsinə əsasən,Batum şəhəri və sancağından başqa Ahıska və Axalkələk nahiyələri də Osmanlıya qaytarıldı. Lakin Birinci dünya müharibəsində tamamilə məğlub duruma düşən və ərazilərinin çox böyük bir qismini itirən Osmanlı dövlətinə qarşı Avropa və bolşevik Rusiyası ağır şərtlər irəli sürdülər. Bu şərtlərdən biri də Batum, Ahıska və Axalkələk bölgələrinin Sovet Rusiyasına qaytarılması idi. Osmanlının dağılması və Türkiyə Cümhuriyyətinin qurulmasından sonra, bu ərazilər "Misaki-Milli" ərazilərinə düşmədi. Belə bir vəziyyətdə "Vilson prinsipləri"nə dayanaraq Qars, Gümrü, Ahıska və Axalkələk bölgələrinin əhalisi içərisindən seçilən "Milli İstişarə Məclisi"nin on iki nəfərdən ibarət nümayəndəsi bir hökumət təşkil edərək, bu bölgənin gürcü və ermənilərin idarəsi altına düşməsinə qarşı silahlı mübarizəyə başladılar. "Milli İstişarə Məclisi"nin qanuni bir status almaq məqsədilə ingilis hərbçiləri və İrəvandakı erməni hökuməti ilə təmasa keçmək və özlərini təsdiq etdirmək təşəbbüsləri heç bir nəticə vermədiyindən Qarsda II Milli Qurultay toplandı və 17 yanvar 1919-cu ildə "Milli İstişarə Məclisi" "Cənub-Qərb Qafqaz Keçici hökuməti" kimi yenidən təşkilatlanaraq Batum ilə Naxçıvan arasında müsəlmanların yaşadıqları ərazilərdə bir "İslam Türk Dövləti" meydana gətirdilər. Hökumətin başçısı Fəxrəddin bəy seçildi. Bu hökumətin "Vilson prinsiləri"nə dayanan "xalqların öz müqəddəratlarını özlərinin təyin etməsi" və özlərinin arzu etdikləri idarəçilik formasını yaratmaqdan başqa heç bir iddiası yox idi. Lakin özlərinin yazdıqları "Vilson prinsipləri"ni tapdalayan Qərb ölkələri 19 aprel 1919-cu ildə Qarsa hücum edərək, "Cənub-Qərb Qafqaz hökuməti" Məclisinin binasını mühasirəyə alaraq, yeni qurulan dövlətin süqutuna səbəb oldular. Ahıska türklərinin yaşadıqları ərazilər Sovet dövründə Gürcüstanın tərkibinə daxil oldu. 

1944-cü ildə Sovet diktatoru Stalinin əmri ilə Krım türkləri, balkarlar, qaraçaylar kimi,Ahıska türkləri də öz vətənlərindən didərgin salınaraq sürgün edildilər. Ahıska türkləri ana vətənlərindən amansızcasına qoparılaraq, insan ayağı dəyməyən səhralara göndərildilər. Əzablı yollarda xəstəlikdən, dərddən, əzabdan, sürgün ağrılarından minlərlə Ahıska türkü həlak oldu, bütün siyasi hüquqlardan məhrum edildi. Sənədlərində onların milliyyətinin türk yazılması yasaq edildi, adları başqa-başqa xalqların adı ilə adlandırıldı. Gürcülər onlara müsəlman gürcü adını yapışdırmağa çalışdılar. 

1950-ci ildə Stalinin ölmündən bir qədər sonra o vaxtkı Azərbaycan hökuməti Ahıska türklərinin bir hissəsinin Azərbaycana gətirilməsinə nail oldular. Ahıska türkləri üçün Azərbaycanda xüsusi kəndlər salındı, işlə təmin olundular. 1989-cu ildə Özbəkistanın Fərqanə şəhərində Sovet DTK-sının törətdiyi təxribat nəticəsində minlərlə Ahıska türkü qətlə yetirildi. Ahıska türklərinin ikinci deportasiyası başlandı. Ahıska türkləri yenidən dünyanın müxtəlif yerlərinə səpələndi. Ən böyük axın yenidən Azərbaycana oldu. 

Hazırda Ahıska türkləri Saaatlı rayonunda 12 kənddə məskunlaşıblar. Bundan başqa, Sabirabad, Beyləqan, Xaçmaz, Quba, Qazax, Şamaxı və digər bölgələrdə də Ahıska türkləri yaşayırlar.

Hər il 14 noyabrda Ahıska türklərinin deportasiyasının ildönümü qeyd olunur. Bu il də  Türkiyənin Azərbaycandakı səfirliyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin təşkilatçılığı ilə deprtasiyanın 75-ci ildönümü münasibəti ilə bir qrup jurnalist Saatlı rayonuna səfər etdik. Səfərdə Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özaral və onun xanımı Məltəm Özaral , Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin rəhbəri Hüseyn Büyükfırat, eyni zamanda, Türkiyədən gəlmiş nümayəndələr də iştirak edirdi. 

Saatlı rayonunun girişində bizi rayon rəhbərliyi və Ahıska türkləri qarşıladılar. Saatlı rayon icra başçısı Nazim İsmayılov Ahıska türklərinin çox əməksevər, doğru-dürüst bir insan olduqlarından ağız dolusu danışırdı. 

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Azərbaycanın Sovet dönəmində belə Ahısqa türklərinə sahib çıxdığını bildirdi: 

"Azərbaycanda çoxlu sayda Ahıska türkü rahat bir şəkildə yaşamaqdadır. Biz də sürgünün 75 ildönümü ilə əlaqədar ziyarət etdik. Bu bölgədə 18-20 min Ahısqa türkü yaşayır. Onlara qarşı edilən haqsızlıq hələ də həll olunmayıb. Ahısqa türkləri öz torpaqlarına qayıtmaq istəyir. İnşallah onu gerçəkləşdirmək üçün çalışırıq. Türkiyə ahısqalılara nə qədər sahib çıxırsa, Azərbaycan da o qədər sahib çıxır."

Doğrudan da, Ahıska türklərinin yaşadığı kəndlərdə əkin sahələrini, abad yolları gördükdə deyilənlərin bir daha şahidi olursan. Bu insanların ən əsas özəlliyi daim şükr edən, naşükürlükdən uzaq, əməksevər insan olmalarıdır. Ahıska türkləri bizimlə söhbətlərində Azərbaycan və Türkiyəyə təşəkkürlərini bildirirdilər. 

Ahıska türklərinin ağsaqqalı Ənsar dayı

98 yaşlı Ənsar Rizmanov Ahıska türklərinin ağsaqqalıdır. Qazanbatan kəndində yerləşən evində qonaq olduğumuz bu insan canlı səlnamədir. Ənsar dayı özünü dərk edəndən bu yana Ahıska türklərinin dərdi, fəryadı ilə yaşayıb. Həyatının, demək olar ki, böyük bir hissəsini sürgünlərdə, məşəqqət içində, eyni zamanda, mübarizədə keçirən Ənsar dayı Azərbaycan və Türkiyədən razılığını dayanmadan dilə gətirirdi:

"Mərhum Heydər Əliyev bizə çox qayğı göstərirdi. İndiki prezident İlham Əliyevdən də çox razıyıq. Azərbaycana və Türkiyəyə bizə göstərdiyi diqqət və qayğıya görə çox təşəkkür edirik. Azərbaycan və Türkiyə hər zaman bizim yanımızda olub. Bizə ilk yardım edən türk iş adamı Hüseyn Büyükfıratdan hamımız razıyıq. Cənab səfir və Saatlı rayononunicra başçısı Nazim İsmayılovun da bizə diqqətini də unuda bilmərik".

Ahıska türklərinin Hüseyn abisi 

Ahıska türkləri ilə görüşdüyümüz ilk anlardan diqqətimi çəkən bir məqam oldu. Ağsaqqal, uşaq, böyük demədən hər kəs Türkiyə- Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin rəhbəri Hüseyn Büyükfıratla görüşür, ona "xoş gəldin, Hüseyn abi" deyərək iltifatlarını bildirirdilər. Elə Ənsar dayının da qucaqlayaraq, ilk görüşdüyü şəxs Hüseyn Büyükfırat oldu. "Hüseyn lap əvvəldən bizimlə birgədir, bizim hər problemimizi həll etmək üçün var gücü ilə çalışıb", dedi. 

undefined

Hüseyn Büyükfırat 1994-cü ildə Ahıska türklərini ziyarət edən ilk türkiyəli iş adamı olub. Hüseyn bəy həmin görüşü belə xatırlayır: 

"İlk dəfə 1994-cü ildə Ahıska türklərini ziyarətə gələndə söylədikləri ilk söz "Bilirdik ki, Türkiyə  gələcək. Yolunuzu səbirsizliklə gözləyirdik" oldu. Sevinc göz yaşları bir-birinə qarışmışdı".

Büyükfırat Ahıska türklərinin problemlərinin həlli üçün çox işlər görüb. Həm də digər türk iş adamlarını buna sövq edib. Onun təşkilatçılığı ilə Qazanbatan kəndində məscid tikilib. Eyni zamanda, bütün bayramlarda həm özü, həm də rəhbərlik etdiyi Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi Ahıska türklərini ziyarət edir. Elə bu dəfə də Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi Ahıska türklərinə humanitar yardım gətirmişdi. Eyni zamanda, Bakıdan gələn tibb işçiləri Ahıska türklərinin müayinəsini həyata keçirdi. 

Türkiyənin məşhur İnsani Yardım Vakfı (İHH) da Qazanbatan kəndində bir bina inşa edib. İHH həmçinin, mütəmadi olaraq Ahıska türklərinə humanitar yardımlar da edir. 

Ahıska  türkləri üçün gələn türk əsgərinin məzarı

Saatlı rayonunda Ahıska türklərinin məzarlarının olduğu qəbirstanlıqda bir Türkiyə əsgərinin məzarı var. Vəhbi Soyakoğlunun faciəvi bir həyat hekayəsi var. 1944-cü ildə Türkiyə ilə sərhəddə yerləşən ahıskalıların yaşadığı bölgələrdə  həyat nişanələrinin olmaması Türkiyə hökumətini şübhəyə salır. Ahıskalıların başlarına nə gəldiyini öyrənmək üçün bölgəyə gizlicə türk əsgərləri göndərilir. Ahıskalıların sürgün olduğunu öyrənən türk əsgərləri sərhədi keçib geri qayıda bilirlər. Lakin bir türk əsgəri - Vəhbi Soyakoğlu sovet hərbçilərinə əsir düşür. 

Aylarla işgəncə görən Vəhbi Soyakoğlu SSRİ qanunları ilə mühakimə olunaraq, həbs edilir. İllərlə sürən həbsxana həyatından sonra, ev həbsinə göndərilir. Ev həbsini Saatlı rayonunda Ahıska türklərinin yanında keçirir. Ev həbsi bitəndən sonra artıq yaşlanmış Vəhbi Soyakoğlunun Türkiyəyə dönməsi üçün Sovet hökuməti tərəfindən pasport hazırlanır. Səbirsizliklə Türkiyəyə dönməyə hazırlaşan Vəhbi Soyakoğlu dünyasını dəyişir. Vəhbi Soyakoğlu Saatlı rayonundakı Ahıska türklərinin dəfn olunduğu qəbirstanlıqda dəfn olunur. 1994-cü ildə bölgəyə gələn ilk türkiyəli iş adamı olan Hüseyn Büyükfırat Vəhbi Soyakoğlunun məzarı təmir olunub. 

                                                                     Ahıska bir gül idi getdi
                                                                     Bir əhli dil idi getdi, 
                                                                     Söyləyin Sultan Mahmuda
                                                                     İstanbulun klidi getdi.

P.S. Bir neçə il öncə Gürcüstan hökuməti Ahıska türklərinin dogma yurdlarına qayıtması ilə bağlı qərar qəbul edib. Lakin bu qərarın həyata keçməsi qeri-müəyyən səbəbdən yubanır. Ahıska türklərinin isə tək arzusu dogma yurdlarına qayıtmaqdır.

Ruslan Bəşirli
Avropa.info


Oxunma sayı: 67101

Oxşar yazılar