Gürcüstanda etirazlar davam edir - Hökumət binasının darvazalarını qıfılladılar

  • 12:40 - 21 Noyabr

Tbilisidə Gürcüstan hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyada ictimai fəallar və müxalifət partiyalarının liderləri iştirak edirlər.

Etirazçılar hökumət administrasiyasının binasının giriş qapısına qıfıl bağlamaq istəyiblər. Polis onların bu cəhdinin qarşısını alıb. Tərəflər arasında qarşıdurma baş verib.  Buna baxmayaraq,  etirazçılar Gürcüstanın hökumət binasının dəmir darvazalarına bir neçə qıfıl asıblar.

Təşkilatçılar bu cür etiraz aksiyalarını davamlı olaraq keçirəcəklərini bildiriblər.

Polis əməkdaşları binanın önündə canlı sədd yaradıblar.

Aksiyada hakim Gürcü Arzusu Partiyasının qərarına əsasən, 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsinə etiraz bildirilir.

Etirazçılar hökumətin istefasını da tələb edirlər.  Aksiya təşkilatçılarının sözlərinə görə, bütün dövlət qurumlarının giriş qapılarına qıfıllar bağlanacaq.


Oxunma sayı: 9703

Oxşar yazılar