Türkiyə mətbuatında qalmaqal – Solçu sayt “Erməni soyqırımı olmayıb” deyən jurnalistini işdən çıxardı
- 15:26 - 20 Noyabr
Türkiyənin sol mövqeli internet nəşri “Gazete Duvar” əməkdaşı jurnalist Gülgün Türkoğlunun “erməni soyqırımı”nın olmadığını iddia edən yazısını senzuralayıb və ardınca saytda jurnalistin əleyhinə yazı yazılıb.
Avropa.info xəbər verir ki, yazısının senzuralanmasından sonra jurnalist Türkoğlu saytdan istefa verib. Saytın baş redaktoru Əli Duran Topuz Türkoğlunun mövqeyini tənqid edən “Bir üzrxahlıq yazısı: İnkarçılığa rəddiyə” başlıqlı yazı yazıb:
““Gazete Duvar” inkarçılığı rədd edən mətbuat anlayışına sahibdir. “Erməni soyqırımı” məsələsində də bu belədir. Fikir azadlığının bizi inkarçılığı qəbul etmə, göz yumma, yayılmasına dəstək vermək borcu altında saldığına inanmıram”.
Əli Duran Topuz Türkoğlunun yazısının oxunmadan dərc olunduğunu bildirərək “Çox təəssüf edirəm, çaşdırdığım, yanıltdığım hər kəsdən üzr istəyirəm” deyib.
Saytın “üzrxahlıq yazısı”nın dərcindən sonra Gülgün Türkoğlu istefa verib.
Gülgün Türkoğlu “Gazete Duvar”da senzuralanan yazısında “erməni soyqırımı” iddialarının həqiqət olmadığı yazmışdı. Türkoğlu Türkiyə tərəfinin məsələ ilə bağlı arxivləri açdığını, buna qarşılıq olaraq erməni tərəfinin arxivləri açmamaqda təkid etdiyini yazdığı “Erməni deportasiyası “ adlı yazısında “Rasional sistem bir iddianı əvvəlcə sübut etmək məcburiyyətindədir. Soyqırım əvvəlcə sübut edilməlidir. Soyqırım aparıldığını sübut edə biləcək sənəd mövcud deyil. Sübut edilməmiş cinayətə istinadən Türkiyə mühakimə edilib. Bu mövqe BMT müqaviləsinə ziddir. Soyqırım çox ciddi iddiadır. Faktların obyektiv səviyyədə araşdırılması halında anlayışlardan düzgün istifadə edilməsi lazımdır. Bu çərçivədə səhv istifadədən yox, pisniyyətli istifadədən söhbət gedir.
Osmanlı arxivləri açıldı. Demək olar, hamısını internetdən əldə etmək olar. Erməni arxivlərindəki sənədlərin demək olar əksəriyyəti açılmayıb. Nümunə: “Daşnaksutyun” partiyası ilə həmin dövrün Rusiya hökuməti arasında aparılan yazışmalar, Bostondakı “Daşnak arxivi”ndə mövcuddur. Bu arxiv açılmayıb; yazışmaların bəzilərinin nüsxəsi Rusiya arxivlərində saxlanılır. Tarixçilər bu yazışmaların, soyqırım iddialarının tamamilə çıxaracaq məzmunda olduğunu bildirirlər. Oxşar formada Qüds Patriarxiyasının arxivi, Yerevanın 1923-cü ildən əvvəlki arxivi açılmır. İcazə verilmə məsələsində də “seçici” davranıldığı yerli və xarici tədqiqatçılar tərəfindən səsləndirilir”.