Xaricdə doktorantura təhsili: 100 tələbənin təhsil haqqını dövlət ödəyəcək

  • 18 Noy - 2019

Doktoranturaya qəbul çətin proses olduğuna görə də xaricdə bu təhsili almaq üçün hər semestr ərzində təxminən 40-50 şəxs proqramdan yararlana bilər.

Avropa.info Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, il ərzində 100 şəxsin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub: "Gələcəkdə müraciət sayı çoxalarsa, bu rəqəm artırıla bilər. Bir şəxs üçün nəzərdə tutulan ödəniş məbləği ölkə və universitetə görə fərqlənir. Çünki hər ölkənin yaşayış və təhsil xərcləri eyni deyil. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq".

N.Məmmədli onu da qeyd edib ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsil alan şəxs ikinci dəfə eyni səviyyə üzrə təhsilini xaricdə bu proqram vasitəsilə təmin edə bilməz: "Misal olaraq, həmin şəxs Azərbaycanda ödənişsiz təhsil alıbsa, o, bu proqrama müraciət edə bilməz".


Oxunma sayı: 716

Oxşar yazılar