"Paris  Notr - Dama ithaf"  hər kəsiheyran qoydu – Fotolar

  • 18 Noy - 2019

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında iki gün ərzində nümayiş olunan 110-cu mövsümün ilk premyerası - "Paris Notr-Dama ithaf” tamaşası böyük uğur və anşlaqla keçib. 

Avropa.info xəbər verir ki, ölkənin tanınmış ictimai-siyasi xadimləri, mədəniyyət adamları, media nümayəndələrinin də seyr etdiyi bu möhtəşəm səhnə əsəri teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb, onlara gözəl və yaddaqalan anlar bəxş edib. Tamaşaçılar sürəkli alqış sədaları altında sevimli qəhrəmanlarına gül-çiçək dəstələri hədiyyə ediblər.

Böyük fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu rejissor Samir Qulamova məxsus olan bu tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Teatr bu səhnə əsərini bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf edib.

Təkcə Fransız ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatı tarixində roman janrının yaradıcısı sayılan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” əsərinin ölməz qəhrəmanlarının taleyi  az qala 200 ildir ki, yer kürəsinin müxtəlif qitələrində yaşayan milyonlarla oxucu və tamaşaçını maraqlandırır, düşündürür. 

Müxtəlif ölkələrin ən məşhur teatrları dönə-dönə bu əsərə müraciət edir, tanınmış kinorejissorlar sevimli qəhrəmanlarını daha geniş auditoriya təqdim etmək niyyəti ilə onların səhnə və ekran həyatını yaradırlar. 

"Paris Notr-Dam kilsəsi” və ya "Notr-Damlı Qozbel" adları ilə məşhur olan tamaşa və filmlərin yüz milyonlarla tamaşaçısı var.

Akademik Musiqili Teatrın təqdim etdiyi bu səhnə əsərində “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib. 

Qeyd edək ki, bu möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edirlər.

Sosial şəbəkələr üzərindən və digər vasitələrlə paylaşılan, barəsində xoş rəylər söylənilən "Paris Notr-Dama ithaf" tamaşasına teatrsevərlərin hədsiz  marağını nəzərə alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı noyabr ayının 29-da saat 14:00-da və 30-da isə saat 19:00-da bu səhnə əsərini yenidən nümayiş etdirəcək. Biletləri şəhərimizin kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.


Oxunma sayı: 617

Oxşar yazılar