Honkonqda yenidən aksiyalar başlayıb, polis gözyaşardıcı qaz tətbiq edib

  • 12:41 - 17 Noyabr

Honkonqda etiraz aksiyaları davam edir.

Polis Politexnik Uneiversitetinin kampusu yaxınlığında toplaşan aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.

Honkonqda artıq bir neçə gündür ki, aksiyaçılar taktikanı dəyişib, yolları, tunel və körpüləri bağlamaqda nəqliyyatın hərəkətini iflic etməyə başlayıblar. Universitetin kampusu yaxınlığında toplaşan aksiyaçılar da barrikada quraraq iki yolu bağlamağa çalışıblar. Aksiyaçılar polisə kərpic və yandırıcı maddə dolu butulkalar atıblar.

 

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 6 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə  muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.

Oktyabrın 4-də isə aksiyalar zamanı maska taxılmasına qadağanı və maska taxanların 3,2 min dollar cərimələnməsini nəzərdə tutan qanunun qəbul edilməsi növbəti gərginliyə yol açıb.

Ötən müddət ərzində aksiyalarla əlaqədar polis 3,6 mindən çox insanı saxlayıb, 1,5 min insan travmalarla əlaqədar xəstəxanalara yerləşdirilib. Xəsarət alanlar arasında 400-dən çox polis var.(apa)


Oxunma sayı: 4445

Oxşar yazılar