Boliviyada etiraz aksiyalarının gedişində həlak olanların sayı 23 nəfərə çatıb

  • 12:23 - 17 Noyabr

Boliviyada etiraz aksiyalarının başladığı vaxtdan indiyədək azı 23 nəfər həlak olub, daha 715 isə nəfər yaralanıb.

Təkcə dünən polisin və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 9 nəfər həyatını itirib, 122 nümayişçi xəsarət alıb. Bu barədə məlumat Amerika Dövlətləri Təşkilatı yanında insan hüquqları üzrə komissiya tərəfindən yayılıb.

Cümə günü Koçabamba şəhərində güc strukturları ilə sabiq prezident Evo Moralesin tərəfdarları arasında qarşıdurma yaşanıb. Təxminən 170 nəfər saxlanılıb. Hakimiyyət orqanlarının məlumatına əsasən, nümayişçilərdən odlu silahlar və partlayıcı maddələr götürülüb.

Xatırladaq ki, Boliviyada iğtişaşlarla müşayiət olunan etiraz aksiyaları oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin nəticələri elan edildikdən sonra başlayıb. Ordunun tələbi ilə postunu tərk edən Evo Morales noyabrın 12-də ona siyasi sığınacaq verən Meksikaya gedib. Elə həmin gün Boliviya parlamentinin senatorlar palatasının ikinci vitse-spikeri Janin Anyes prezidentin səlahiyyətlərini üzərinə götürdüyünü elan edib.


Oxunma sayı: 4500

Oxşar yazılar