"Mühacir biabırçılığına görə Arif Hacılı istefa verməlidir" - Yadigar Sadıqlı

  • 14 Noy - 2019

“Heç bolşeviklərin repressiyası Müsavat Partiyasına belə ziyan vermədi”.

Bu sözləri Lent.az -a açıqlamasında Müsavat Partiyasının başqanının keçmiş müşaviri Yadigar Sadıqlı deyib. Yadigar Sadıqlı Almaniyada saxta mühacir sənədi düzəltmək cinayəti ilə həmyerlilərimizin tutulmasını biabırçılıq adlandırıb və olayın baş verməsində partiya rəhbərliyinin məsuliyyət daşıdığını bildirib:

“İki ildən artıqdır ki, Müsavat partiyasında bununla bağlı mübahisələr gedir. O vaxt Müsavat Avropa Koordinasiya Mərkəzinin (bundan sonra AKM) üvü olan bir neçə şəxs şikayət etmişdi ki, Müsavat AKM-də şəffaflıq təmin olunmur, kimlər üzv edilir bilmək olmur. Biz də bütün bunları Müsavat Partiyasında müzakirə etdik. İki saatdan artıq çəkən divan iclası oldu. Məhz bizimlə rəhbərlik arasında fikir ayrılığı da o dövrdən başladı. Müsavat AKM-in partiyaya bağlı olduğunu və hüququmuzu nəzərə alaraq, bir neçə nəfər təklif etdik ki, Müsavat AKM-də şəffaflıq təmin olunsun. Ona görə də təklif etdi ki, Müsavat AKM-in fəaliyyətinə nəzarət edək, kimlər üzv olur, kimlər tərk edir məlumatlı olaq. Orada maliyyə ilə bağlı şikayətlər var idi, hesabatlar tələb edək və.s. Ancaq Arif Hacılı və onun tərəfdarları bizim təkliflərimizi blokladılar. Müsavat AKM-in rəhbərliyi də Arif Hacılının dəstəyi ilə “Siz kimsiniz ki, biz sizə hesabat verək?” şəklində cavab verdi. Biz bu vəziyyətin qarşısını almaq üçün çox çalışdıq. Bu gün bu vəziyyətin baş verəcəyini güman edirdik. Ancaq Arif Hacılı israrla Müsavat AKM-i, şəxsən İlham Həsəni müdafiə etdi. Onun fəaliyyətinə hər hansı məhdudiyyət qoymağı, ona nəzarət etməyimizi qəbul etmədi. Çox vaxt "Mənim İlham Həsənə, Müsavat AKM-ə etibarım var, Müsavat AKM partiyanın resursudur" deyə çox öyündü. Bu gün də nəhayət belə bir hadisə oldu və hələ k,i ortada fakt olmasa da cəmiyyət olanları partiya ilə bağlayır. Əsas odur ki, bunu Müsavat AKM-in deyil, Müsavat Partiyası rəhbərliyinin əli olub deyə qəbul edirlər. Partiyanın 100 illiyi tarixində nə bolşevik repressiyaları, nə YAP repressiyaları partiyaya bugünkü qədər mənəvi ziyan vurmayıb. Sabah bəlkə Almaniya məhkəməsində Müsavat Partiyasının adı hallanacaq? Onda daha da biabırçılıq olacaq. Düşünürəm ki, partiyanın rəhbərliyi, Arif Hacılı günahlarını etiraf etməli, məsuliyyəti nəzərə alıb istefa etməlidir”.

Qeyd edək ki, dünən alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edərək, siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlayıb. Saxlanılan azərbaycanlılardan bir neçəsi Müsavat partiyasının üzvüdür.

İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri;
Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;
Abdin Cavadov - Müsavat AKM-in üzvü;
Mehdi Xəlilbəylinin qohumu.


Oxunma sayı: 859

Oxşar yazılar