ABŞ mətbuatı: “Heç bir lider Ərdoğan qədər Trampdan istədiyini əldə edə bilmədi”

  • 14 Noy - 2019

İmpiçment prosesinə baxmayaraq, dünən Ağ Evdə keçirilən Ərdoğan-Tramp görüşünə ABŞ mətbuatında geniş yer verilib.

Avropa.info xəbər verir ki, görüş telekanallar, qəzet və analitik yazılarda şərh edilib.

“Washington Post” qəzetində dərc olunan məqalədə Ərdoğanın mətbuat konfransına, iki ölkə arasında olan problemlərin müzakirəsinə yer verilib. Qəzet xüsusilə Ərdoğanın FETÖ liderinin ekstradisiyasını gündəmə gətirməsini qeyd edib. “Washington Post”un xəbərində iki ölkə arasında böhran yaradan S-400 məsələsi ilə bağlı Trampın “Səlahiyyətli şəxslər bununla bağlı işləyir. Türkiyənin silahları qutulardan çıxarmaması həll yolu ola bilər” sözləri yer alıb.

CNN-nin Ağ Ev müxbiri Kevin Liptakın yazısında Trampın “güclü liderlər”ə göstərdiyi yaxın münasibətdən nümunələr gətirilib. Yazıda ən çox diqqət çəkən ifadə “Ancaq heç bir lider Ərdoğan qədər Trampdan istədiyini əldə edə bilmədi” olub. Kevin Liptak sözlərinə əsas kimi Trampın Türkiyənin Suriyadakı əməliyyatlarına yaşıl işıq yandırmasını, S-400 böhranında sanksiyalara qarşı mövqeyini nümunə göstərib.

Görüşü izləyən “New York Times” jurnalisti Maykl Krauli yazdığı xəbərdə “Onun böyük heyranıyam. Tramp Ərdoğanı isti qarşıladı” sözlərini işlədib. Kraulinin yazısında “Barış Pınarı” əməliyyatında sonra baş verən proseslər təhlil olunub. Krauli Türkiyənin keçirdiyi bu əməliyyatla ABŞ siyasi kursundan kənara çıxdığını, ancaq Trampın Ərdoğanla görüşləri əsnasında hiss ediləcək mövqe ortaya qoymadığını qeyd edib.

“New York Times”a görə, Ağ Evdə keçirilən sammitdə S-400 HHM sistemi ilə bağlı yekun razılıq əldə olunmadı.

“Fox News” isə ABŞ və Türkiyə arasında son vaxtlar baş verən gərginliyə baxmayaraq, müttəfiqliyin davam etdiyini, Trampın iki ölkə arasında əmtəə və xidmət ticarətini artırmağa qərar verdiyini diqqət çəkib.

“The Hill” qəzeti isə Ərdoğan və Tramp arasındakı isti münasibətə diqqət çəkib və ticarət müqaviləsi fəaliyyətlərinin davam edəcəyini bildirib. 

İngiltərənin “The Guardian” qəzeti görüşü “Tramp yardımları təkzib etdi və hərbçilərin yalnız neft üçün qalacağını dedi” başlığı ilə təqdim edib. 

“Daily Mail” qəzeti isə Türkiyə prezidenti Ərdoğanın Konqresin  1915-ci il qərarına çox sərt reaksiya verməsini xəbər başlığı edib. Xəbərdə Ərdoğanın Trampın məktubunu özünə geri qaytarması da yer alıb.

“İndependent” qəzeti Ağ Evdəki görüşü oxucularına “Ərdoğan Trampın məktubunu əli ilə qaytardı” başlığı ilə təqdim edib. “İndependent” görüşdə Suriyanın şimalındakı proseslər ilə S-400 HHM sisteminin əsas müzakirə mövzusu olduğunu qeyd edib.

İsrailin “Haaretz” qəzeti Ərdoğanın Ağ Evdə xoş münasibətlə qarşılandığını, Trampın qonağını yüksək hörmətlə təriflədiyini yazıb.


Oxunma sayı: 12871

Oxşar yazılar