Akademik Musiqili Teatrda yeni layihə: Prezident təqaüdçüləri solo konsertlə çıxış edəcəklər

  • 14:05 - 14 Noyabr

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Kamil Həsənovun solo konserti keçirilib. 

Avropa.info xəbər verir ki, konsertdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev istedadlı musiqiçinin yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Teatrda çalışan prezident təqaüdçülərinin konsertlərinin bundan sonra da mütəmadi şəkildə təşkil ediləcəyini söyləyib. 

“Azərbaycanda gənc istedadlara dövlət tərəfindən həmişə diqqət və qayğı göstərilir. Kamil Həsənov da onlardan biridir. O, Akademik Musiqili Teatrda ötən ildən fəaliyyətə başlasa da, musiqi aləmində qazandığı uğurlarının başlanğıcı illər öncəyə təsadüf edir.  Hələ 14 yaşında ikən – 2010-cu ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə onun adı Gənc istedadların “Qızıl kitabı”na yazılıb və prezidentin xüsusi təqaüdünə layiq görülüb. Öz yaşıdları arasında gözəl musiqi duyumu, yüksək ifaçılıq məharəti ilə fərqlənən Kamil beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil edib, İlk uğurunu 2007-ci ildə "Gənc Pianoçuların IV Bakı Müsabiqəsi”ndə qazanıb. Sonra Ukraynada keçirilən "Azərbaycan-Rusiya Mədəniyyətlərarası Dostluq Festivalı”nda I yerə layiq görülüb. 2009-cu ildə Gürcüstanda, 2012-ci ildə isə Macarıstanda keçirilən gənc pianoçuların beynəlxalq festivallarında birinçilik əldə edib, qızıl medallar qazanıb...”, –  deyə Ə.Lalayev bildirib.

Tamaşaçılar Kamil Həsənovun ifasında dünyaşöhrətli bəstəkarların əsərlərini – Fredrix Şopenin “Vals №7” və “Noktürn №20”, Riçard Koçiantenin “Lune” və “Belle”, Beret Vaunun “A time for us” (“Romeo and Julietta”), Tofiq Quliyevin “Qaytağı”, Yirumanın “River Flows in you”, Fərhad Bədəlbəylinin “Dəniz” və həmçinin Kamilin öz bəstəsi olan “Zaman” və“Elegiya” əsərlərini maraqla qarşılayıblar.


Oxunma sayı: 3477

Oxşar yazılar