İlham Əliyev Misirdən olan nümayəndə heyətini qəbul edib

  • 17:02 - 13 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avropa.info AZƏRTAC-a istinadla xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz Azərbaycana, sizi səmimiyyətlə salamlayıram. Zirvə görüşündə iştirak etməyiniz bizi çox məmnun edir, şadam ki, ölkəniz bu tədbirdə yüksək səviyyədə təmsil olunur. Əlbəttə, səfəriniz yaxşı imkan yaradır ki, biz ikitərəfli münasibətlər haqqında danışaq. Bizim ikitərəfli münasibətlərimiz də uğurlu inkişaf edir və bir çox sahələri əhatə edir. Sizin ölkəniz bu yaxınlarda Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə yüksək səviyyədə təmsil olunmuşdur və Yekun Bəyannamənin qəbul edilməsində də ölkənizin mövqeyini biz yüksək qiymətləndiririk. Bildiyiniz kimi, növbəti üç il ərzində Azərbaycan bu Hərəkata sədrlik edəcək və bu məsələyə çox böyük məsuliyyətlə yanaşırıq. İqtisadi sahədə əlaqələrimizə gəldikdə, deyə bilərəm ki, bu sahədə çox böyük potensial var. Yaxşı siyasi əlaqələrimizi nəzərə alaraq, hesab edirəm, iqtisadi sahədə biznes qurumlarına biz çox ciddi siqnal verməliyik ki, onlar öz fəaliyyətini bir az da genişləndirsinlər. Şadam ki, turizm sahəsində də yaxşı irəliləyiş var, həm Azərbaycan turistləri ölkənizi ziyarət edirlər, həm də ki, Misirdən gələn qonaqların sayı artmaqdadır. Təbii ki, parlamentlərarası əlaqələrə də böyük əhəmiyyət verilir. Əminəm ki, səfər zamanı bu əlaqələrə yeni təkan veriləcək.


Oxunma sayı: 3312

Oxşar yazılar