Əfqanıstan Prezidenti “Taliban”ın üç rəhbərinin azad olunması faktını təsdiqləyib

  • 12 Noy - 2019

Əfqanıstan Prezidenti Əşrəf Qani hakimiyyətin 2016-cı ildə silahlılar tərəfindən qaçırılan iki xarici ölkə vətəndaşı, Kabildəki Amerika universitetinin amerikalı və avstraliyalı professorlarının azad olunması müqabilində “Taliban” hərəkatının üç rəhbərinin azadlığa buraxılması faktını təsdiqləyib.
Əşrəf Qəninin sözlərinə görə, bu qərar çox çətin, lakin vacib humanitar jestdir. Prezident, həmçinin hakimiyyətin bu addımı Əfqanıstanın beynəlxalq müttəfiqləri, əsasən də ABŞ-la məsləhətləşmələrdən sonra atdığını deyib.
Əldə olan məlumata görə, həbsxanadan “Hakkani şəbəkəsi” təşkilatının rəhbərləri Hacı Mali Xan, Hafiz Raşid və “Taliban” hərəkatının rəhbərlərindən biri Siracuddin Hakkaninin doğma qardaşı Ənəs Hakkani azad edilib.
Əfqanıstan hakimiyyəti bu qərarın taliblərlə sülh danışıqlarının başlamasına müsbət təsir edəcəyini düşünür.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.


Oxunma sayı: 771

Oxşar yazılar