Prezident İlham Əliyev: “Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır”

  • 16:25 - 12 Noyabr

“Sosial islahatlar uğurla aparılır. Yoxsulluğun aşağı səviyyəyə düşməsinin əsas səbəbi də ondan ibarətdir ki, bizim iqtisadi islahatlarımız, o cümlədən sosial sahə böyük diqqətlə əhatə olunur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul edən zaman deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu il 4 milyon 200 mindən çox insan çox geniş sosial paketlə əhatə olunub və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artıb: “Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə artmışdır. Bu il orta əməkhaqqı 35 faiz artmışdır. Mənə bu yaxınlarda verilən statistik məlumata görə, hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir. Əminəm ki, gələcək illərdə bu rəqəm artacaq. İlk növbədə, ona görə ki, həm maaşlar artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə apararaq, artıq 100 mindən çox iş yerini kölgədən çıxarıb və onları rəsmiləşdirə bilmişik və bu proses davam edəcək. Biz hələ işin başlanğıc mərhələsindəyik. Amma orta əməkhaqqının 35 faiz artırılması və 723 manata çatdırılması, əlbəttə ki, sosial siyasətimizin bariz nümunəsidir.

Son illərdə energetika, nəqliyyat sahələrində qarşımızda duran bütün vəzifələr icra edildi. Bu vəzifələri icra etmək üçün çox böyük səylər göstərilmişdir. Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. TANAP kimi tarixi layihə artıq fəaliyyətdədir və Cənub Qaz Dəhlizinin icrasının yekunlaşmasına demək olar ki, bir il vaxt qalıbdır. İnşallah, biz bu layihəni də uğurla başa vuracağıq”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda nəqliyyat infrastrukturu müasirləşir: “Yenə də Davos Ümumdünya İqtisadi Forumunun son hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünya miqyasında 12-ci yerdədir, hava nəqliyyatının səmərəliliyinə görə isə 11-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir və MDB-də birincidir. Yəni, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti də böyük dərəcədə bizim uğurlu siyasətimizdən asılı idi və bu layihələrə artıq start verildi. Azərbaycan uzunmüddətli formatda bu layihələrdən həm böyük siyasi, həm də iqtisadi dividendlər götürəcək.

Əlbəttə ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar. Çünki ölkəmizin nüfuzu artır, imkanları artır”.


Oxunma sayı: 3356

Oxşar yazılar