Mikayıl Cabbarov: “Azərbaycan yeni inkişaf drayverlərini işə salmalıdır”

  • 15:43 - 12 Noyabr

“Azərbaycan sabit və dayanıqlı iqtisadi artımı təmin etmək üçün yeni inkişaf drayverlərini işə salmalıdır”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Nazir  bildirib ki, Azərbaycanda ÜDM-in 2020-ci ildə 3 faiz, növbəti illərdə orta hesabla 3.3 faiz artacağı,  habelə növbəti il üçün inflyasiyanın 4.6 faiz, sonrakı 3 il üçün isə 4 faiz ətrafında olacağı gözlənilir:

“Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Belə ki, Ümumi Daxili Məhsulun gələn il 3 faiz, növbəti illərdə isə 3,3 faiz artacağı proqnozlaşdırılır. Gələn il üçün inflyasiya 4,6 faiz, sonrakı il üçün isə 4 faiz ətrafında olacağı proqnozlaşdırılır. Gələn il neft-qaz sektorunda 1,6 faiz, növbəti illərdə isə 3 faiz artımı gözlənilir. Bu ilin 9 ayında qeyri-neft senayesində əlavə dəyər 16,6 faiz artıb. Növbəti ildə aqrar sektorda 4,8 faiz, sonrakı 3 ildə orta hesabla 4,3 faiz artım gözlənilir".

M. Cabbarov əlavə edib ki, Azərbaycanda “kölgə iqtisadiyyatı” ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir:

“Görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir”.

M. Cabbarov qeyd edib ki, bu ilin 9 ayında Azərbaycana gələn turistlərin sayı 2.4 milyon nəfəri ötüb: “Görülən işlər nəzərə alınaraq, gələn il turizm sektorunda 6  faiz, növbəti 3 ildə 5,6 faiz artım gözlənilir. Büdcə investisiyalarının azalması fonunda qeyri-neft investisiyalarının gələn il 11 faiz artması proqnozlaşdırılır. Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub. Görülən işlər nəticəsində son illər dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünüməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”.

Modern.az


Oxunma sayı: 4863

Oxşar yazılar