“Azəriqaz”ın baş direktoru narazı istixana sahibləri ilə görüşüb

  • 19:36 - 11 Noyabr

Şəmkir rayonunda “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bir qrup istixana sahibi ilə görüşüb.

“Azəriqaz”dan Avropa.info-ya verilən məlumata görə, görüşdə Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Faiq Abbasov da iştirak ediblər. 80-dən çox meyvə-tərəvəz istehsalı ilə məşğul olan istixana sahibinin problemləri dinlənilib. Qeyd edilib ki, hazırda “Azəriqaz” İB-nin Şəmkir Regional qaz istismarı İdarəsinin xidmət sahəsinə daxil olan 132 böyük istixana sahibi qazla təmin olunur. Onlardan təkcə 111-i Şəmkir rayonunun payına düşür.

Görüşdə çıxış edən sahibkarlar əsasən istixanalara verilən qazın hər kub metrinə görə qiymətin 20 qəpikdən 10 qəpiyə endirilməsini, borclarla bağlı güzəştlərin olunmasını, qaz sayğacı tənzimləyicilərinin yerinin dəyişdirilməsi və s. məslələrlə bağlı fikirlər səsləndiriblər.

 

 

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, bundan sonra istixana sahibləri ilə təkcə Şəmkir rayonunda deyil, digər regionlarda da hər ay ən azı bir dəfə görüş keçiriləcək: “Bu görüşlər əsasən mövsümü işlərin görüldüyü (noyabrın 1-dən aprelin 1-dək) dövrü əhatə edəcək. Sayğac tənzimləyicilərinin yeri isə sahibkarın öz istəyinə uyğun olaraq Birliyin hesabına dəyişdiriləcək. Borclu sahibkarların qazı mövsüm boyu açılacaq. Lakin borc mübahisələri daha sonra qarşılıqlı müzakirələr əsasında nəzərdən keçiriləcək”.

R.Əliyev onu da əlavə edib ki, qazın satış qiyməti ilə bağlı məsələlər Birliyin səlahiyyət dairəsinə aid deyil, bu barədə qərarlar Tarif Şurası tərəfindən qəbul olunur. “Azəriqaz” İB abonentlərin keyfiyyətli və texnoloji rejimə uyğun təbii qazla təchizatını həyata keçirir.

Görüşdə iştirak edən digər qurumların nümayəndələri də bir sıra məqamlara toxunublar. Şəmkir rayonu İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə qeydə alınan məsələlər barədə Baş Nazir Əli Əsədova və digər qurumlara rəsmi məktub hazırlandığını diqqətə çatdırıb.

Xatırladaq ki, Şəmkirdə fəaliyyət göstərən bir qrup istixana sahibi bu günlərdə sosial şəbəkələrdə bir sıra narazılıqları dilə gətirərək video material paylaşıb.

“Azəriqaz” İB-i baş verənlərə dərhal reaksiya verərək, onlarla görüşmək təşəbbüsü ilə çıxış edib.


 


Oxunma sayı: 3191

Oxşar yazılar