İnsan alverinə qarşı tədbir keçirilib - Fotolar

  • 11 Noy - 2019

“Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində Lənkəran şəhərinin mərkəzində yerləşən “Mayak” hotelində bir günlük təlim təşkil edib.

Avropa.info xəbər verir ki, təlimdə Lənkəran rayonunda yerləşən orta, orta texniki və həmçinin texniki peşə məktəblərinin şagirdləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Təlimdə iştirak edən 25 gənc üçün insan alveri, onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları ilə bağlı bir günlük təlim keçirilib. İctimai birliyin təlimçisi Qafar Cəfərov və “Hüquqi Yardım” İctimai Birliyinin hüquqşünası İlqar Qasımov insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər və s. barədə təlim keçiblər.

Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiəsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.

Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil olunub, Lənkəran rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilib.

Təlim interaktiv şəraitdə davam etdirilib və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Təlimdə həmçinin, bütün iştirakçılara “Hüquqi Yardım” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” adlı bukletlər paylanıb.

 


Oxunma sayı: 1937

Oxşar yazılar