Milli Məclisin deputatları DYP əməkdaşları ilə görüşüb

  • 22:15 - 09 Noyabr

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. 

Daxili İşlər Nazirliyindən Avropa.info-ya  verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları tarixçi alim Fəzail İbrahimli, parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komissiyasının üzvü,  hüquq müdafiəçisi Çingiz Qənizadə, idarənin rəisi, polis polkovniki Nuşirəvan Səfərov və şəxsi heyət iştirak edib. Tədbiri giriş sözü ilə açan idarənin rəisi bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Sonra çıxış edən Çingiz Qənizadə Konstitusiyanın anlayışı, mahiyyəti, məzmunu və əhəmiyyəti, habelə onun inkişaf tarixi barədə ətraflı məlumat verib. O, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızın 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsinin müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olduğunu söyləyib. Çingiz Qənizadə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Konstitusiyada təsbit olunmuş insan hüquqlarının təmin olunması sahəsində Azərbaycanda son illərdə köklü islahatların aparıldığını, ötən dövr ərzində ölkəmizdə aparılan Konstitusiya islahatlarının da məhz insan hüquqlarının inkişafına və idarəetmənin təkmilləşməsinə xidmət etdiyini vurğulayıb. Deputat çıxışında Konstitusiyanın zamanın tələblərinə uyğun olaraq vaxtaşırı əlavə və dəyişikliklər edilməklə təkmilləşdirildiyi, 24 avqust 2002-ci ildə birinci, 18 mart 2009-cu ildə ikinci və 26 sentyabr 2016-cı ildə üçüncü dəfə referendum yolu ilə ona bir sıra əlavələr edildiyi diqqətə çatdırıb.

 

Daha sonra çıxış edən deputat Fəzail İbrahimli şanlı Azərbaycan bayrağının keçdiyi tarixi yol barədə polisləri məlumatlandırıb. O, çıxış edərək bildirib ki, özünü 1918-1920-ci illərdə var olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi-siyasi varisi hesab edən müasir müstəqil Azərbaycan Respublikası o zaman xalqımızın yaratdığı üçrəngli bayrağa yenidən sahib çıxaraq onu ucaldıb və dövlət bayrağı kimi qəbul edib. Deputat qeyd edib ki, bu bayraq ilk dəfə ulu öndər  Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə o, Muxtar Respublikası Ali Məclisinin sədri olan zaman 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Fəzail İbrahimli sonda bildirib ki, Azərbaycan xalqının milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bu ölkənin hər bir vətəndaşının qürur və and yeridir.

Tədbirin sonunda bir daha çıxış edən idarənin rəisi Nuşirəvan Səfərov həm Konstitusiyamız, həm də bayrağımız haqqında geniş, eləcə də dolğun məlumat verdiklərinə görə hər iki millət vəkilinə şəxsi heyət adından təşəkkürünü bildirib.
 

1 / 5


 


Oxunma sayı: 2795

Oxşar yazılar