Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

  • 19:23 - 09 Noyabr

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin parlament aparatlarının nümayəndələri Gürcüstanda işgüzar səfərdə olublar. 

Gürcüstan parlamentinin mətbuat xidmətindən  bildiriblər ki, səfər çərçivəsində Azərbaycan, Ukrayna, Moldova, Ermənistan və Belarusun qanunverici orqanlarının aparatlarının əməkdaşları Gürcüstan parlamentində olub, onun fəaliyyəti, həyata keçirildiyi islahatlar barədə məlumatlandırılıblar. 

Nümayəndələr, həmçinin Gürcüstan parlamentinin deputatları, müxtəlif struktur bölmələrin rəhbərləri ilə görüşüblər. Onlar son illərdə Gürcüstan parlamentində tətbiq edilən yeniliklərlə tanış olublar. 

Gürcüstan parlamentinin aparat rəhbəri Givi Mikanadze qonaqlarla görüşündə deyib ki, tanışlıq səfərləri altı ölkə parlamentlərinin əməkdaşlarına birbaşa əlaqələr qurmağa kömək edir, bu isə təcrübə mübadiləsi üçün səmərəlidir. Onun sözlərinə görə, bu cür səfərlər gələcək regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir. 

İşgüzar səfərdə Milli Məclisi İqtisadi qanunvericilik şöbəsinin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri üzrə qanunvericilik sektorunun müdiri Vasif Əmiraslanov və Beynəlxalq münasibətlər şöbəsinin məsləhətçisi Tural Şirin təmsil ediblər. 

Qeyd edək ki, ikigünlük səfər “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin parlament aparatları rəhbərlərinin imzaladığı Tbilisi memorandumu çərçivəsində təşkil edilib.


Oxunma sayı: 9197

Oxşar yazılar