Prokuror fala baxan sabiq nazirlik əməkdaşına cəza istədi - Məhkəmədə narazılıq

  • 07 Noy - 2019

Dələduzluqda və falçılıqda ittiham edilən sabiq nazirlik əməkdaşı hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü İbrahim Bağırovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror İbrahim Bağırovun törətdiyi əmələ görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə zərərçəkmişlər dəymiş zərərin ödənilməsini tələb ediblər. Bağırovun vəkili isə müdafiə etdiyi şəxsə yüngül cəza təyin edilməsini istəyib.

Bağırova son söz üçün vaxt verilsə də, o, yenidən məhkəmədən vaxt istəyib. Deyib ki, növbəti prosesdə çıxış edəcək və faktlar açıqlayacaq.

O, zərərçəkmiş kimi tanınan şəxslərdən pul almadığını deyir. Bəzən isə aldığını etiraf edir.

Bu dəfə isə heç kimdən pul almadığını, növbəti prosesdə çıxış edərkən bunu sübut edəcəyini bildirib.

Zərərçəkmişlər isə məhkəmə prosesinin Bağırovun mənasız istəkləri ilə uzadılmasına etiraz ediblər: "Pulu ödəyirsə, vaxt verilsin. Ödəmirsə, məhkəməni bitirin".

Məhkəmə iclası noyabrın 14-də davam etdiriləcək.

İttihamda yazılır ki, İbrahim Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edib. Bir neçə vətəndaşdan işə düzəltmək adı ilə külli miqdarda pul alıb.

Amma İ.Bağırov elan olunmuş ittihamla özünü təqsirli bilmir. Deyir ki, zərərçəkmişlər onu şərləyib.

Prosesdə sərbəst ifadə verən İ.Bağırov FHN-də inspektor vəzifəsində işlədiyini deyib.

Bildirib ki, heç kimdən işə düzəltmək adı ilə pul almayıb.

İttihamda yazılan zərərçəkmiş Qaratel Əhmədovadan qızıl-zinət əşyaları alması epizodunda münasibət bildirən İ.Bağırov qeyd edib ki, həmin qadından qızılları saxlamaq üçün alıbmış. O, bildirib ki, sonradan qızılları qadının ərinə qaytarıb.

Məhkəmə iclasında zərərçəkmiş Qaratel Əhmədova ifadə verib.

Zərərçəkmiş bildirib ki, İbrahimlə atasının il mərasimində tanış olub və münasibət də buradan yaranıb:

"İbrahim dedi ki, yaxşı işlərə adam düzəldir. Söhbət zamanı bizə cadu edildiyini dedi. Bizə falçılıq edirdi. Həmin ərəfədə biz qorxduq".

Zərərçəkmişin dediyinə görə İ.Bağırov ceyran dərisi almaq, cadu pozmaq adı ilə ondan pul və qızıl əşyaları alıb: "İbrahimin qohumlarımla da münasibət yarandı. Qardaşıma və onun uşaqlarını da işə düzəldəcəyini demişdir. Hamısından da pul aldı. Deyirdi ki, bu gün, sabah işə çıxacaqsınız".

Hakim zərərçəkmişə sual verib ki, niyə ətrafında olan şəxslərə İbrahimin onları işə düzəldəcəyini deyib?

Q.Əhmədova bunu təsdiqləyib və qohumlarına İbrahimin onları işə düzəldəcəyini dediyini bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı olan İ.Bağırov Qaratel Əhmədova və onun qohumlarına qarşı dələduzluq etməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com


Oxunma sayı: 496

Oxşar yazılar