BMU-da Dövlət Bayrağı Gününə həsr olunan təntənəli tədbir keçirilib

  • 07 Noy - 2019

Bakı Mühəndislik Universitetində  (BMU) 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunan təntənəli tədbir keçirilib. 

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqilliyimizin əsas atributlarından olan bayrağın tarixi haqqında videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, müstəqilliyinin 28-ci ildönümünü yaşayan Azərbaycanın dövlət bayrağı hansı ölkədə yaşamasından asılı olmayaraq, bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. 

Rektor xatırladıb ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilən və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan üçrəngli bayrağımız 72 ildən sonra yenidən dövlət bayrağı kimi təsdiqlənib. Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edilib. Bundan sonra 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib. Prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis olunduğunu sözlərinə əlavə edən rektor onu da vurğulayıb ki, bayrağımızı uca tutmaq, vüqarla dalğalandırmaq hər bir gəncin, vətəndaşımızın müqəddəs borcudur.

Sonra çıxış edən millət vəkili Musa Quliyev üçrəngli bayrağımızın Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdiyini söyləyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Dövlət Bayrağı Muzeyi, Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksi yaradılıb. Bütün bunlar Azərbaycanda dövlət bayrağına olan xüsusi ehtiramın nümunəsidir. M.Quliyev bu gün Azərbaycanın hər bir yerində dalğalanan müqəddəs bayrağımızın tezliklə işğal altında olan torpaqlarımızda da qaldırılacağına əminliyini vurğulayıb. 

Daha sonra tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Asif Hüseynov çıxış edərək, bu günlə bağlı fikirlərini bölüşüblər.

Sonda BMU tələbələrinin ifasında bayrağa həsr olunan şeir, mahnı və ədəbi kompozisiyalar səslənib.


Oxunma sayı: 650

Oxşar yazılar