Politoloqun şərhi: “Prezident parlamentin də tərkibinin dəyişməsini istəyir”

  • 07 Noy - 2019

"Prezidentin öz otağından ayrı-ayrı məmurlarla görüşü və açıqlamaları televiziyalarda yayınlanır. Prezident bunu ona görə edir ki, cəmiyyətə narahat edən məsələlərdən xəbərdar olduğunu göstərsin”.

Avopa.info xəbər verir ki, bu sözləri "Yeni Müsavat”a politoloq Elxan Şahinoğlu son zamanlar ölkədə baş verən dəyişikliklərlə bağlı danışarkən deyib.

O bildirib ki, müşahidə olunan proses artıq geri dönüşü mümkün olmayan siyasətdir. Bundan başqa, kadr islahatının əsas mənası həm də odur ki, bəziləri vəzifənin müvəqqəti olduğunu anlasınlar. Azərbaycanda rüşvətin və korrupsiyanın kökünü kəsmək lazımdır. Bunun alternativinin olmadığını prezident də bilir və kadr islahatlarının əsas qayələrindən biri də budur. Prezidentin siyasətində başqa bir yenilik də var:

Politoloqun şərhi: “Prezident parlamentin də tərkibinin dəyişməsini istəyir”

"Prezident İlham Əliyev məmurların qəbulunu ictimaiyyət üçün açıq keçirir. Problemləri sadalayır, hər dəfə ictimai nəzarətin vacibliyini vurğulayır, medianın rolunu qeyd edir. Qəbullarında və müşavirədə büdcə layihəsindəki şişirdilmiş rəqəmlərdən danışır, bunu ifşa etməyə çağırır. Televiziya yayınları zamanı prezident elə vacib tənqidləri səsləndirdi ki, ən kiçik detalardan belə məlumatlı olduğunu büruzə verdi. Prezident konkret icra başçısının və hansısa məmurun doğru və ya yalan danışdığından da xəbərdardır. Çünki prezident alternativ məlumatlar əldə etdiyini də həmin məmurlara anlatmağa çalışır.

Buna baxmayaraq, bəzi məmurlar öz istəkləri ilə istefa vermək istəmirlər. Məmurlar arasında yaşı 70-i keçənlər az deyil. Digər tərəfdən, parlamentdə 70 yaşdan yuxarı olan deputatlar da var. Prezidentin çağırışı bir neçəsi istisna olmaqla, onların da əksəriyyətinə aiddir. Ancaq deputatların bir hissəsi 2020-ci ildə də parlament seçkisində iştirak etmək istəyir. Bunu hətta meydan oxumaq kimi açıq bəyan da edirlər. Həmin deputatlar bununla öz mövqelərini qorumaq istəyirlər. Yaşlı deputatların bir hissəsi bu yolla topladıqları bizneslərini qorumağa çalışırlar. Məncə, onlar müqavimət göstərmədən siyasətdən uzaqlaşsalar, dövlətə və millətə xeyir vermiş olarlar".

Politoloq hesab edir ki, prezident parlamentin də tərkibinin dəyişməsini istəyir. Çünki mövcud tərkibin əksəriyyəti yeni tələblərə cavab vermir:

"Deputatların bir çoxu passivdir, çıxış etmirlər, çox az hissəsi istisna olmaqla, beynəlxalq səviyyədə ölkəmizi yaxşı təmsil edə bilmirlər, dövlət başçısının siyasətini xalqa izah edə bilmirlər. Buna görə də həmin deputatların daha fəal şəxslərlə əvəz olunmasına ehtiyac yaranıb”.

E.Şahinoğlu onu da deyib ki, keçmiş illərdə parlamentin tərkibinin müəyyənləşdirilməsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev ciddi rol oynayırdı və onun seçimdə üstünlük verdiyi meyarlar fərqli idi:

"Ramiz Mehdiyev vəzifədən getdi. Deməli, 2020-ci ildəki parlament seçkisinə Ramiz Mehdiyev qarışa bilməyəcək, seçkinin keçirilməsinə və nəticələrinə də bu faktor təsir edəcək. Onun parlamentdəki tərəfdarlarının yerinə başqaları mandat əldə edəcək”.


Oxunma sayı: 1574

Oxşar yazılar