İraqdakı etiraz aksiyalarında İran və "Həşdi Şəbi"nin rolu : Xalq İrana və "piyada"sı "Həşdi Şəbi"yə qarşı niyə qəzəblidir? (TƏHLİL)

  • 15:45 - 06 Noyabr

İraqda işsizlik, korrupsiya, kommunal xidmətlərdəki problemlər və İranın ölkədə artan təsiri üzündən başlayan və ölkənin müxtəlif bölgələrində yayılan etirazlar ikinci ayına daxil olub.

Avropa.info saytı Yaxın Şərq üzrə siyasi analitiklər Mehmet Alaca və Bəkir Aydoğanın yazısını təqdim edir:

"1 oktyabrda başlayan və Ərbəin mərasimlərinə görə fasilə verilən nümayişlərin 25 oktyabrda təkrar başlaması ilə insan itkisi artarkən, baş nazir Adil Əbdülmehdi istefa vermək ərəfəsindədir. İraqlı şiələrin gözündə ciddi nüfuza sahib olan şiə lider Müqtəda əs-Sədr Əbdülmehdi hökumətinin əvvəlkilər kimi “işəyaramaz” olduğunu deyərək, Sairun qrupundan sonra parlamentdə ən çox kresloya sahib olan “Fəth koalisiyası”nın lideri və (İrana yaxınlığı ilə tanınan) “Həşdi Şəbi” milis qruplaşmasının ən güclü hərbi bölmələrindən biri “Bədr” təşkilatının komandiri Hadi əl-Amiriyə hökumətin istefa verməsi üçün çağırış edib. Tehran səfərindən yeni qayıdan Sədr ilə Amirinin baş nazir Əbdülmehdiyə etimad göstərilməməsi və hökumətin buraxılması məsələsində anlaşmasından sonra prezident Berhem Saleh də Əbdülmehdinin istefa verməsinə qərar verdiyini açıqladı.

Tehranın təzyiqi altında olan Sədr və İrana yaxın Amirinin birgə verdiyi qərarla hökumətə etimad göstərilməməsi, həm hökumət üzərindəki İraqın təsirini göz önünə qoydu, həm də etirazların hədəfinə çevrilən İran və ölkədəki “piyada”sı “Həşdi Şəbi” ilə bağlı müzakirələrə yol açdı. Etirazlar davam edərkən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qasim Süleymaninin Bağdada gəlməsi ilə bağlı iddialar isə Tehranın Bağdad üzərindəki nəzarətini və əsas rıçaqlarından birinə çevirdiyi “Həşdi Şəbi”nin ölkədəki rolunu nə qədər ciddiyə aldığını göstərdi.

“Həşdi Şəbi” üzərindəki İran təsiri

İŞİD terror təşkilatının 2014-cü ildə İraq torpaqlarının böyük hissəsini ələ keçirməsindən sonra ölkədəki şiə icması arasında ən böyük avtoritetə malik Ayətullah Əli Sistani əli silah tutan hər kəsə ölkəsini və müqəddəs məkanları qorumaq çağırışı etdi. Sistaninin çağırışından sonra 100 min nəfərdən çox adamdan təşkil olunmuş 50 fərqli şiə qrupu “Həşdi Şəbi” çətiri altında birləşdi. İlk mərhələdə ölkənin müdafiəsi üçün birləşən təşkilat fərqli siyasi baxışlara malik olan İranın ruhani lideri Əli Xameneyi tərəfdarı, Sistani tərəfdarı və Sədr tərəfdar qruplar arasında bölündü. İraqın düşdüyü dərin təhlükəsizlik əskikliyinin fərqinə varan İran özünə yaxın şiə milisi qrupları və İran İnqilabı Keşikçiləri Korpusunun “Qüds qüvvələri” vasitəsilə “Həşdi Şəbi”yə hərbi təlim və təchizat məsələsində təlimlər keçərək, şəbəkə daxilində təsirini önəmli miqyasda artırdı. Lakin, "Həşdi Şəbi"nin İŞİD bəhanəsi ilə sünnilər yaşayan bölgələrdə xalqa divan tutması bir gerçək idi. Beynəlxalq Amnistiya Təşkilatı kimi bir sıra nüfuzlu qurumlar  hesabatlarında, "Həşdi Şəbi"nin İŞİD-dən fərqinin olmadığını və bu qruplaşmanın bir terror təşkilatı olduğunu bildirirdilər.

ABŞ-a yaxınlığı ilə tanınan sabiq İraq baş naziri Heydər əl-İbadi 2016-cı ildə təşkilat üzərindəki İran təsirini kəsmək məqsədilə “Həşdi Şəbi”yə hüquqi statusu verərək, qruplaşmanı baş nazirliyə bağlı Milli Təhlükəsizlik Müşavirliyi daxilində avtonom subyekt halına gətirdi. Buna baxmayaraq, Hadi əl-Amirinin rəhbərlik etdiyi “Fəth koalisiyası”nın 2018-ci ilin mayında İraq parlament seçkilərində ikinci partiya kimi hökumət ortağı olması ilə “Həşdi Şəbi”nin gücü siyasi arenada da möhkəmləndi. İŞİD-in İraqdan çıxarılması prosesində “Həşdi Şəbi”dən istifadə edən ABŞ, “sünni” platformada özünə dəstək tapa biləcək İŞİD kimi təşkilatların yenidən dirçəlişini şiə qruplaşmalar əli ilə yox edə biləcəyi düşüncəsi ilə “Həşdi Şəbi” ilə əlaqəsini müəyyən səviyyədə tutmağı tərcih etsə də, İran ilə arasındakı gərginliyin artması ilə birgə Vaşinqtonun da “Həşdi Şəbi”yə təzyiqi artdı. ABŞ “Həşdi Şəbi”ni (dolayısilə İranı) sanksiyalar və İraq hakimiyyətinin təsiri ilə məhdudlaşdırmağa çalışarkən, İranın İraqda sarsılmaz nüfuzunun bir parçasına çevrilən “Həşdi Şəbi”nin ölkədəki nüfuzunu qorumaq və etirazları boğmaq məqsədilə istifadə etdiyi müşahidə olunur.

İranın (eynən “Hizbullah”ın Livanda olduğu kimi) “Həşdi Şəbi”nin orta perspektivdə İraqda ağır çəkiyə malik qüvvə kimi önə çıxmasını planladığı və “Həşdi Şəbi”ni İrandakı İslam İnqilabı Keşikçiləri Korpusunun oxşarına çevirmək fəaliyyəti apardığı müzakirə olunur.

İran və “Həşdi Şəbi”nin etirazlardakı rolu

İraqdakı etirazların böyük hissəsinin müstəqil hərəkat olduğu, hər hansı partiya və ya liderlə əlaqəsinin olmadığı zənn edilərkən, Xameneyi etirazların arxasında ABŞ, İsrail və Səudiyyə Ərəbistanın olduğunu iddia etdi. İrana yaxın “Fəth” qruplaşması lideri Amirinin “İraqdakı fitnənin arxasında ABŞ və İsrail var” ifadələri də “Həşdi Şəbi”nin əlaqəsini bir daha göstərdi. İŞİD-ə qarşı ciddi uğurlar əldə edən və ABŞ-a yaxınlığı ilə tanınan Terrorla Mübarizə Qrupunun komandiri Əbdülvəhhab əs-Saadinin baş nazir Əbdülmehdi tərəfindən işdən azad edilməsinin arxasında İranın olduğu deyilmiş, etirazlarda Saadi plakatları açılaraq “İran çıx get” şüarları səsləndirilmişdi. İranın İraqdakı nüfuzunun məhdudlaşdırılması tələbi xüsusilə də 25 oktyabrda başlayan etirazların ikinci dalğasının ən vacib gündəmi kimi küçədə daha aydın əks olundu. Bundan əlavə İraq Milli Təhlükəsizlik Şurası müşaviri və “Həşdi Şəbi”nin rəsmi nümayəndəsi Falih əl-Fəyyadın “Haşd fraksiyası hökumətdən tələb gəlməsi halında İraqda hər hansı çevriliş və ya üsyanın qarşısını almaq üçün müdaxilə etməyə hazırdır” sözləri “Həşdi Şəbi”nin hökumətdən fərqli siyasi aparması və etirazlara müdaxilə etməsi şəklində şərh edildi. 

1 oktyabrda başlayan ilk etiraz dalğasında həyatını itirən 157 nəfərin öldürülməsinə dair planlama naziri Nuri Duleymi sədrliyində aparılan istintaq nəticəsində mülki şəxslər arasında qeydə alınan ölümlərin 70%-dən çoxunun başa və sinəyə dəyən mərmilər nəticəsində baş verdiyi və snayperlərin bu məsələdə ciddi paya sahib olduğu məlum oldu. İraq İnsan Haqları Ali Komissiyasının 10 oktyabrda paylaşdığı məlumatlara görə, hökumətin saxladığı etirazçıların azadlığa buraxıldığı, lakin hələ də 257 nəfər haqda məlumatın olmadığı qeyd olunur. Yoxa çıxan şəxslərin “Həşdi Şəbi”nin gizli həbsxanalarda saxlanıldığı iddia edilir. Etirazlarda snayperlərin “Həşdi Şəbi” tərəfindən təşkil olunduğu iddiasının isə qruplaşmanın 14-cü briqadası Ketaib Seyyid əş-Şühəda üzvü snayperin saxlanılması ilə üst-üstə düşdüyü iddia edilir. Bununla yanaşı, ilk etiraz dalğasında, daha əvvəl ABŞ tərəfindən terror siyahısına salınan Əkrəm əl-Kabinin liderliyindəki “Hizbullah ən-Nucəba və Seraya Talia əl-Xorasani” üzvü “Həşdi Şəbi”yə tərkibindəki mili qruplarının Bağdadda efirə çıxan 6 televiziya kanalının ofislərinə hücum etməsi, “Həşdi Şəbi”nin etirazları boğmaq məsələsindəki rolunu önə çıxardı.

25 oktyabrda başlayan etirazlarda 1 oktyabrdakı ilk etiraz dalğasına görə, İran və “Həşdi Şəbi”nin milis qruplarına qarşı qəzəbin daha çox olduğu müşahidə olunur. Bir çox vilayətdə “Həşdi Şəbi”yə bağlı ofislər və İrana yaxınlığı ilə tanınan siyasi qrupların ofisləri etirazçılar tərəfindən yandırıldı. Meysanda “Həşdi Şəbi” tərkibindəki “Əsaib Əhlil Haqq” milislərinin xeyli sayda etirazçını öldürməsinin iddia edilməsi etirazın hədəflərindən birinin də İran və ölkədəki qolu “Həşdi Şəbi” olduğuna işarə edir. Küçələrdəki etiraz getdikcə artarkən, İran İnqilabı Keşikçiləri Korpusunun “Qüds qüvvələri” komandanı Qasim Süleymaninin hökumətin etirazlar məsələsindəki fəaliyyətlərini araşdırmaq üçün Bağdada gəldiyi, Amiridən və “Həşdi Şəbi”dən Əbdülmehdiyi dəstəkləmələrini istədiyi iddia edilmişdi. Gəlinən nöqtədə isə etirazlarının bədəlinin ağırlaşmasına səbəb kimi göstərilən İraq hökumətini küncə sıxmağı planlayan İranın ölkədəki gücünə dair mesaj verdiyi deyilir.

Digər tərəfdən, oktyabr ayında Tehrana gedərək Xameneyi və Qasim Süleyani ilə görüşən Sədrin 29 oktyabrda İrana qayıdar-qayıtmaz İraq miqyasında İranı hədəfə alan etirazların Nəcəfdəki qolunda iştirak edərək, kütlənin gözündə böyüməyə çalışdığı iddia edildi. Belə ki, baş nazir Əbdülmehdiyə etimadın göstərilməməsi və istefaya məcbur edilməsi məsələsində Sədr və İran tərəfdarı Amiri arasındakı razılaşmanın Tehranın təsiri ilə həyata keçirildiyi nəzərə alınarsa, İran əleyhdarlığı və İraq milliyyətçiliyi ritorikası ilə tanınan Sədrin belə İranın apardığı siyasətə daxil olmağa inandırıldığı deyilə bilər.

Xatırlayırsınızsa, Sədrə məxsus “Seraya əs-Salam” milisləri etirazlar əsnasında “Əsaib Əhlil Haqq” milisləri ilə atışmışdı. İrana yaxın Amiri ilə razılığa gələrək mövqeyində sürətli dəyişiklik edən Sədrin “Həşdi Şəbi”milisləri tərəfindən sui-qəsdə məruz qalmaqdan qorxduğu və mühafizə istəmək üçün Tehrana tez-tez getdiyi də iddialar arasında səslənir. Belə ki, atası Ayətullah Məhəmməd əs-Sədr və iki qardaşı 1999-cu ildə Səddam rejimi tərəfindən öldürülən Müqtəda əs-Sədrin sui-qəsd hədələrini ciddiyə aldığı və hal-hazırda dini baxımdan İraqdakı şiə avtoritetinə liderlik edəcək yetkinliyə sahib olmadığı üçün İranın təsirində olduğu açıq müzakirə olunur. Etirazçıların “Müqtədaya yox, Hadiyə yox!” şüarlarına baxıldıqda isə ölkədə İranla bağlı, ya da İran təsirində qalan qruplara qarşı etirazın artdığı, İraq şiəliyinin müstəqilləşdiyi və şiə icmasının İranın təsirindən narahat olduğu görünür.

“Həşdi Şəbi” İran İslam İnqilabı Keşikçiləri Korpusu layihəsi kimi

İran “Həşdi Şəbi” vasitəsilə bir tərəfdən rəsmi Bağdada öz siyasətini qəbul etdirə bilərkən digər tərəfdən də, təşkilatı ölkədə əsas səfərbərlik vasitəsi kimi istifadə edir. İranın İraqdakı etirazlara müdaxilə etməsi və “Həşdi Şəbi”nin etirazlardakı fəaliyyətləri Tehranın Yaxın Şərqdəki hər cür qeyri-stabilliyi fürsətə çevirməyə çalışma siyasətinin bir hissəsi kimi qiymətləndirilir. İranın “Həşdi Şəbi”ni orta perspektivdə İraqda əzici qüvvə kimi önə çıxarmağı planladığı və “Həşdi Şəbi”ni İrandakı İran İslam İnqilabı Keşikçiləri Korpusunun oxşarına çevirmək istədiyi müzakirə olunur. “Həşdi Şəbi” İranın dəstəyi ilə İraqdakı siyasi, hərbi və iqtisadi sistemdə kök atarkən şiə xalqın dəstəyi ilə də İraqdakı qurumlarını ələ keçirməyə çalışır. Xatırlayırsınızsa, İran İslam İnqilabı Keşikçiləri Korpusu iqtisadi hakimiyyət əldə edərək, yüksəlmişdi. Belə ki, hal-hazırda iqtisadi olaraq olduqca güclü olan “Həşdi Şəbi”nin Qərbin böyük neft şirkətlərinin regiondakı təsirinə baxmayaraq, parlamentdən keçiriləcək qanuni addımlarla enerji xətlərini ələ keçirərək özünə xas mexanizm qurması gözlənilə bilər. Bununla yanaşı, “Həşdi Şəbi”nin təhlükəsizlik sferasında güclənməsi, İranın İraqda olduğu kimi regiondakı digər ölkələrdə formalaşdırdığı  “proxy” şəbəkəsini asanlaşdırmaq məqsədinə xidmət edir.

İranın İraqdakı təsir axtarışı və “Həşdi Şəbi” ilə bunu uzlaşdırmaq istəməsinin güclü səbəbi də şiə icmasını da yaxından maraqlandıran Qum-Nəcəf çəkişməsidir. İraqda şiələr arasında ən böyük avtoritetə sahib olan Ayətullah Sistani İranın İraq siyasəti və şiə icmasındakı təsirinin qarşını alma qabiliyyətinə malik oyunçulardan biri kimi qiymətləndirilir. Etirazlara dəstək məqsədilə İraqın Nəcəf hövzəsindəki dərslərə fasilə vermə əmri verən Sisteni ölkənin gələcəyinə xaricdən bir gücün deyil, iraqlıların qərar verməsi lazım olduğunu qeyd edib. Sistaninin bu açıqlaması bir tərəfdən İrana, hökumətin fəaliyyətinə qarışmaması və etirazları zorakılıqla yatırmaması istiqamətində mesaj verməsi Tehranın ölkədə artan nüfuzundan hiss edilən narahatlığa işarə vurduğu düşünülür. Qocalan və hələ də özündən sonra davamçı göstərməyən Sistaninin ehtimal olunan vəfatı müzakirə mövzusu olduqda İraqdakı dini avtoriteti öz adamı şiə alimlə ələ keçirməyin fərqində olan İran İraqda effektiv qüvvə olmağa davam edir. Bu baxımdan qarşıdakı dövrdə Nəcəfin dini və siyasi baxımdan irançılıq-iraqçılıq çəkişməsinə şahid olacağı və İranın “Həşdi Şəbi” vasitəsilə ilə bu çəkişməyə ciddi formada müdaxilə edəcəyi düşünülür. 

“Həşdi Şəbi” İraqdakı münaqişənin diqqət mərkəzi oldu

İranın ABŞ-ın sanksiyalarına məruz qaldığı və Səudiyyə Ərəbistan ilə gərginliyin pik həddə çatdığı dövrdə başlayan İraqdakı etirazları öz lehinə çevirmə cəhdi içində olduğu görünür. Etirazçılar İran ilə ABŞ arasındakı gərginliyin mərkəzini İraqa yerləşdirərkən İranın (“Həşdi Şəbi” üzərindəki təsiri vasitəsilə) ölkədəki ictimai hadisələri provokasiya edərək mesaj verdiyi də deyilə bilər. Belə ki, son dövrlərdə ABŞ-ın “Həşdi Şəbi”nin İraqdakı statusunu təkrar gündəmə gətirərək, Əbdülmehdiyə təzyiq etməsi ilə İranın dəstək verdiyi şiə milis qruplarının ABŞ-ın İraq siyasətini dalana sürükləmək cəhdi arasında əlaqə var. Belə ki, Qasim Süleymani ilə yaxın münasibəti olduğu məlum olan “Həşdi Şəbi”nin əməliyyat lideri Əbu Mehdi əl-Mühəndisi və Mühəndisi ilə əlaqəsi olan Kətaib “Hizbullah” milis qrupulaşmasını da 2009-cu ildə terrorçu qruplar siyahısına daxil edən ABŞ bu il ərzində İraq və Suriyada “Həşdi Şəbi” tərkibində fəaliyyət göstərən “Hizbullah ən-Nucəba”yı və lideri Əkrəm əl-Kabiyi terror siyahısına daxil edib. Digər tərəfdən ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunun İraqdakı şəbəkəsinin silah qaçaqmalçılığı iddiası ilə “South Wealth Resources Company” adlı şirkətə və bu şirkətin iki idarəçisinə qarşı sanksiya tətbiq etməsi İranın İraqdakı təsirinə qarşı mesaj kimi qiymətləndirilir.

Buna qarşılıq olaraq, İraq parlamentindəki İran yönlü qruplar ABŞ-ın ölkədən hərbçilərini tamamilə çıxarması yönündə təkliflər davam şəkildə gündəmə gətirirlər. Bu gərginliyin nəticəsidir ki, ABŞ-ın İsrail əli ilə İraqda “Həşdi Şəbi” bazalarına hücumlar təşkil etdiyi düşünülür. Bundan əlavə, İran və Səudiyyə Ərəbistanı arasındakı gərginlikdə Tehranın “Həşdi Şəbi”dən qalxan kimi istifadə etməyi planladığı iddia edilir. Belə ki, Səudiyyə Ərəbistanın “Aramco” neft şirkətinə məxsus obyektlərinə qarşı sentyabr ayındakı hücumların İraqdakı “Həşdi Şəbi” bazalarından təşkil olunduğu iddia olunmuşdu. İranın “Həşdi Şəbi”yi ABŞ İsrail və Səudiyyə Ərəbistanın əleyhdarlığı ilə yanaşı öz ölkəsinin sərhəd təhlükəsizliyini qorumaq və təhlükəsizlik oxunu sərhədləri xaricində qurmaq strategiyası çərçivəsində istifadə etdiyi də deyilə bilər. ABŞ ilə davam edən münaqişəsinin diqqət mərkəzinə çevrilən “Həşdi Şəbi”nin ölkədə artan gücü və ABŞ-ın hədəfi halına gəlməsi ilə Əbdülmehdi sonrası İraqın dərin qeyri-stabilliyə sürüklənməsi ehtimal olunur. 

“Həşdi Şəbi”nin beynəlxalq insan haqları təşkilatlarının hesabatların yansıyan İŞİD-vari mövqeyi etirazçılara qarşı zorakılıqdan istifadə olunması və məzhəbçi xətt izləməsi, ölkədəki etnik və dini qruplar üzərində təzyiqinin gələcəkdə də dərinləşəcəyinin nümunəsidir.

İranın birliyi təhlükədədir

İranın inqilab ixracı siyasəti çərçivəsində İraqda “İran modeli” ölkə qurmaq istədiyi və “Həşdi Şəbi”ni bur çərçivədə təşkilatlandırdığı qiymətləndirilir. Tehranın bu məqsədini İran müdafiə naziri Hüseyn Dehkanın “İraq artıq heç bir zaman bir ərəb ölkəsi olmayacaq. Artıq onları susduracaq “Həşdi Şəbi”miz var” sözləri ilə etiraf etdiyi məlumdur.

İranın dəstək verdiyi “Həşdi Şəbi”nin ölkədəki yüksəlişinin davam etməsi halında İraqdakı siyasi balansın başda ABŞ olmaqla region ölkələrinin əleyhinə inkişaf edəcəyindən və İranın regiondakı məzhəbçi yayılmasını gücləndirərək ölkənin birliyinə zərər verəcəyi ilə bağlı narahatlıqlar var. Belə ki, sünnilərin və kürdlərin demək olar, tamamilə çıxarıldığı İraq ordusuna əlavə olaraq İran dəstəkli şiə milisi qrupunun sistemdə artan konsolidasiyasının ölkədəki siyasi və kütləvi rıçaqları fəaliyyətə keçirmək ehtimalı var. Səddamın iraqlı şiələrə qarşı ayrı-seçkilik siyasəti İraq müharibəsindən sonra əks istiqamətə çevrilmişdi. Malikinin kürdləri sistemdən uzaqlaşdırması Kürd Regional Hökumətinin müstəqillik referendumuna getməsinə imkan yaratmış və sünniləri tamamilə sistemdən izolyasiya etməsi isə bəzi sünni əşirətləri İŞİD-ə dəstək verməyə sövq etmişdi. “Həşdi Şəbi”nin beynəlxalq insan haqları təşkilatlarında əks olunan İŞİD-vari mövqeyi etirazçılara qarşı zorakılıqdan istifadə etməsi və İranın inqilab ixracının qolu olan məzhəbçi xətt izləməsi, ölkədəki etnik və dini qruplar üzərindəki təzyiqin gələcəkdə də dərinləşəcəyinin işarəsi kimi ölkənin birliyini təhdid edir.


Oxunma sayı: 29030

Oxşar yazılar