Heydər Əliyev Fondu: Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb - Yenilənib

  • 05 Noy - 2019

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fondun əməkdaşları hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunan Oqtay Gülalıyevin səhhəti ilə bağlı məsələləri nəzarətə götürüb və onun müalicəsi üçün lazımı dəstəyin göstəriləcəyi bildirilib.

Heydər Əliyev Fondundan Avropa.info-ya verilən məlumata görə, bununla əlaqədar Fondun nümayəndələri Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva ilə ötən gün telefonla danışaraq, eyni zamanda bu gün xəstəxanada görüşərək ailə üzvlərinin istəyi və Fond tərəfindən göstərilə biləcək dəstəklə maraqlanıblar. Ailəsinin müraciəti nəzərə alınaraq, hazırda koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. Bu gün İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən hazırda Heydər Əliyev Fondu bununla bağlı məsələlərin həllini həyata keçirir.

Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Oqtay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb və onun qısa müddətdə həkimlərin nəzarəti altında İstanbula aparılması nəzərdə tutulur. Eyni zamanda Oqtay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib. 

Qeyd edilib ki, Heydər Əliyev Fondu öz fəaliyyət istiqamətlərindən çıxış edərək hər bir şəxsə  daima zəruri köməklik göstərib və bu humanitar missiyanı bir təşkilat olaraq hər bir zaman həyata keçirməkdən qürur duyur. 

***

Heydər Əliyev Fondu hüquq-müdafiəçisi Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürüb.

Avropa.info-nun məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq.  

Fond Oktay Gülaliyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.  Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.  

Hazırda müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.


Oxunma sayı: 1145

Oxşar yazılar