Türkiyənin terrorla mübarizədə sözdə yox, həqiqi dəstəyə ehtiyacı var

  • 05 Noy - 2019

Türkiyə NATO üzvləri arasında terrordan ən çox əziyyət çəkən ölkədir. Bu sözləri Berlində ifadə edən NATO-nun baş katibi Yens Stoltenberq buna qədər də oxşar fikirlər səsləndirib. Bu durumda haqlı olaraq belə bir sual ortaya çıxır: qocaman bir dövlətin, ulu bir xalqın taleyinin həll olunduğu bir vaxtda mövzu ilə bağlı quru sözlər yetərlidirmi?

Türkiyə ictimaiyyətinin terrora qarşı birlik mesajı uzun illər siyasi təzyiq göstərərək qardaş ölkəyə qarşı xoşagəlməz planlar həyata keçirməyə çalışan qüvvələri təlaşa salıb. Siyasi təzyiqlər davam edir. Lakin tətbiq olunan hər bir qərar əks-effekt verməkdədir. Səbəb Türkiyə xalqının müqavimət gücüdür. Ortada isə uzun müddətdir cavabını gözləyən bir sual var: Türkiyənin etibarlı müttəfiq olduğunu, terrordan davamlı əziyyət çəkdiyini, öz təhlükəsizliyini təmin etmək hüququna malik olması barədə söylənilən fikirlər, açıqlama və bəyanatlar nə üçün əməli işə çevrilmir? Bu suala cavab tapmaq üçün əvvəlcə terrorun regionda yaratdığı vəziyyət barədə bəzi məqamlara diqqət yetirək.

Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” antiterror əməliyyatı qardaş ölkənin qonşuluğunda terror dəhlizinin yaranmasının qarşısını alıb. Lakin əməliyyatın ilk günlərində tez-tez ifadə olunan bu fikir indi bir az da dəqiqləşdirilib. Türkiyə tərəfi rəsmi olaraq bəyan edib ki, Suriya ərazisində yaradılması planlaşdırılan terror dövlətinin qurulmasının qarşısı alınıb. Ortada kifayət qədər dəlil və sübutlar var. Mövzu ətrafında daha aydın təsəvvür yaratmaq üçün məsələni bir qədər ətraflı araşdırmaq daha düzgün olardı. Ən son məlumata görə, Türkiyə hərbçiləri “Sülh çeşməsi” antiterror əməliyyatı çərçivəsində YPG/PYD terror qruplaşmalarına məxsus cəbbəxana aşkar ediblər. Əvvəllər ələ keçirilən anbar və sığınacaqlardan fərqli olaraq bu cəbbəxanada çoxlu sayda raket başlığı, tank və aviasiya əleyhinə silahlar olub. Hansı ki, YPG/PYD terrorçu qruplaşmaları məhz bu raketlərlə Türkiyə ərazisini davamlı olaraq atəşə tutub.

Cari ildə Türkiyəyə qarşı törədilən terror aktlarında YPG/PYD terrorçu qruplaşmalarının xüsusi payı var. Oktyabrın 9-da “Sülh çeşməsi” antiterror əməliyyatının başlamasının ardından Suriya ərazisindən atılan davamlı raket və top atəşləri nəticəsində sərhəd bölgəsində 18 mülki şəxs həlak olub. Yüzdən artıq məktəbdə dərslər dayandırılıb. Bir sözlə, sərhədboyu ərazidəki terror düşərgələri Türkiyənin böyük bir ərazisində normal həyatı pozub. Türkiyə tərəfi əsaslandırır ki, YPG/PYD terror təşkilatları olaraq PKK-nın müxtəlif formalarıdır. PKK isə təkcə 2015-2018-ci illərdə Türkiyədə polis, hərbçi və mülki şəxslər daxil olmaqla 1200-dən çox insanı qətlə yetirib.

Son qırx ildə terror fəaliyyəti nəticəsində Türkiyəyə 1,5 trilyon dollar dəyərində ziyan dəyib. Terror aktları dövlətin və əhalinin əmlakını hədəfə alıb. Terror təşkilatları üçün ayrı-ayrı vətəndaşlardan və şirkətlərdən toplanan vəsaitin məbləği milyardlarla dollar dəyərindədir. Bundan başqa, şəhid ailələri və qazilərin sosial rifahına çəkilən xərcləri, terrorla mübarizədə iştirak etdiklərinə görə hərbi qulluqçulara verilən ömürlük müavinətləri də əlavə etdikdə Türkiyə dövlətinə dəyən zərərin necə böyük olduğunu görmək mümkündür.

Bu yerdə Türkiyə ordusunun Suriya ərazisində ələ keçirdiyi YPG/PYD terrorçu təşkilatlarına məxsus cəbbəxana mövzusuna qayıdacağıq. Türkiyə “Sülh çeşməsi” antiterror əməliyyatını başlayanda qarşılaşdığı təzyiqlərdən biri də sanksiyaların tətbiq olunacağı barədə təhdidlər oldu. O cümlədən bəzi ölkələr Türkiyəyə hərbi təyinatlı məhsullar satmayacaqlarını bəyan etdilər. Həqiqətən də acınacaqlı və paradoksal bir mənzərə yaranıb. Türkiyəyə silah satmaq istəməyən müttəfiq dövlətlər qardaş ölkəni hədəfə alan terror təşkilatlarını təmənnasız qaydada silahlandırır. İndi NATO-nun baş katibi Yens Stoltenberqin məlumata açıqlamalarının yetərsiz və təsirsiz sözlər olduğu ortadadır. Ona görə NATO rəhbərindən sitatlar gətiririk ki, ortadakı vəziyyət məhz hərbi xarakterlidir. Sözdən işə keçmək məsələsinə gələndə isə müttəfiqlərin terrorla mübarizədə Türkiyəyə konkret yardım edəcəyi inandırıcı deyil. Bu, acı bir həqiqətdir. Yaranmış vəziyyətlə bağlı çıxış yolu Türkiyənin öz əlindədir. Bir sözlə, ümid Türkiyə dövlətinin, xalqının, türk əsgərinin özünədir.(azərtac)


Oxunma sayı: 771

Oxşar yazılar