Elmar Məmmədyarov ukraynalı həmkarını Azərbaycana dəvət etdi

  • 05 Noy - 2019

Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Ukrayna Xarici Işlər naziri Vadim Pristayko ilə görüşüb.

XİN mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

Görüş zamanı ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq yüksək qiymətləndirildi. Bölgədə həyata keçirilən strateji layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və Ukraynanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə edib və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə ediblər.

Sonda Elmar Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər.


Oxunma sayı: 331

Oxşar yazılar