Azərbaycan qlobal istedad rəqabətliliyi indeksində MDB-də liderdir

  • 29 Okt - 2019

Azərbaycan “Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019” Hesabatında daha 14 pillə irəliləyərək 125 ölkə arasında 43-cü yerdə qərarlaşmaqla Baltik respublikaları istisna olmaqla postsovet məkanında lider mövqedədir.

Avropa.info xəbər verir ki, hesabatı şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib:

“Postsovet məkanında Azərbaycanın ən yaxın izləyiciləri Rusiya 49-cu və Qazaxıstan isə 57-ci yeri tutub. Azərbaycan bu indeksə görə 2015-2016-cı ildə 71-ci, 2017-ci ildə 66-cı və 2018-ci ildə 57-ci yerdə qərarlaşmışdı. Azərbaycan qlobal istedad rəqabətliliyi indeksinə görə yuxarı orta gəlirli ölkələr arasında top-3-lükdə qərarlaşmaqla daxil olduğu region - Qərbi Asiya və Şimali Afrika ölkələri arasında 7-cidir”.

O bildirib ki, "Qlobal İstedad Rəqabətliliyi İndeksi" hesabatı 5 indikator əsasında hesablanır: istedada yaradılan şərait, istedadın cəlb edilməsi, istedadın inkişafı, istedadın ölkədə qalmasının təmin edilməsi, peşə və texniki təhsil, yüksək ixtisaslar. Azərbaycan bu indikatorlar üzrə ən yüksək reytinqi peşə və texniki təhsil (25-ci yer) və ən aşağı reytinqi isə istedadın inkişafında (81-ci yer) alıb. Digər indikatorlar üzrə vəziyyətimiz belə olub: istedada yaradılan şərait 48-ci yer, istedadın cəlb edilməsi 44-cü yer, istedadın ölkədə qalmasının təmin edilməsi 41-ci yer və yüksək ixtisaslar 68-ci yer.

“Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019”da Azərbaycan bir sıra sub-indikatorlarda daha öndə olub: işə götürmənin asanlığı birinci yer, aktiv əmək bazarı siyasəti 32-ci, işçi-işəgötürən əməkdaşlığı 30-cu, əməkhaqqının məhsuldarlığa uyğunluğu 14-cü, birbaşa xarici investisiyalar və texnologiya transferi 28-ci, istedadların cəlbi 17-ci, qadınların liderlik imkanları 34-cü, müəssisə daxilində əməkdaşlıq 26-cı, müəssisələr arasında əməkdaşlıq 19-cu, sosial müdafiə 33-cü, istedadların ölkədə saxlanılması 25-ci, həkim sıxlığı 26-cı, orta təhsilli əmək qüvvəsi 5-ci, orta təhsilli əhali 4-cü, ixtisaslı işçinin tapılması imkanı 30-cu, təhsilin iqtisadiyyata uyğunluğu 33-cü, orta təhsilin əmək bazarına uyğunluğu 20-ci, ali təhsilin əmək bazarına uyğunluğu 36-cı, ali təhsilli əhali 33-cü, alimlərin və mühəndislərin əlçatanlığı 23-cü yer. Hesabatın məqsədi innovasiya, artım və rəqabətliliyi gücləndirmək üçün fərdlərin və komandaların potensialı və istedadı ətrafında qlobal müzakirə açmaqdır. Xüsusilə sahibkarlıq istedadını araşdıran hesabatda Azərbaycanın öncüllüyü Prezident İlham Əliyevin “qara qızıl”ın insan kapitalına çevrilməsi və sahibkarlığın inkişafı siyasətinin birbaşa nəticəsidir. Təkcə 2019-cu ildə həyata keçirilən 2 inqilabi sosial paket birbaşa insan kapitalına qoyulan sərmayədir və dövlətimizin başçısının siyasətinin mərkəzində insan amilinin olmasını göstərir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda əldə olunan iqtisadi nailiyyətlərin sosial rifah halının, o cümlədən, insan kapitalının inkişafına yönəldilməsində əhəmiyyətli rol oynayır”, - deyə V.Qasımlı bildirib.

Qeyd edək ki, "Qlobal İstedad Rəqabətliliyi İndeksi 2019" Hesabatı dünyanın lider universitetlərindən olan INSEAD Biznes Məktəbi, “The Adecco Group” və “Tata Communications” tərəfindən hazırlanıb.


Oxunma sayı: 463

Oxşar yazılar