“Neftçi” ardıcıl 4-cü qələbəsini 4 qolla qazanıb

  • 20:58 - 27 Oktyabr

Azərbaycan Premyer Liqasında IX tur davam edir.

İkinci oyun günündə bir matç baş tutub.

Günün yeganə qarşılaşması Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası Azərbaycanın ən titullu klubu “Neftçi”ni qəbul edib.

Görüş erkən qolla başlayıb. “Sumqayıt” mübahisəli penalti ilə hesabı açıb. Mehdi Şərifi qonaqları məyus edib.

Paytaxt təmsilçisi tezliklə hesabda tarazlıq yaradıb. Emin Mahmudov penaltidən fərqlənib. “Neftçi” ilk yarının sonlarına qədər önə keçməyi də bacarıb. Baqali Dabo “ağ-qaralar”ın ikinci qolunu vurub.

Qarşılaşmanın sonlarında ikinci dəfə penaltidən fərqlənən E.Mahmudov, həmçinin B.Dabo hərəyə bir qol vuraraq dubllarını rəsmiləşdiriblər. Meydan sahibləri uzatma dəqiqələrində Amil Yunanovun qolu ilə böyükhesablı məğlubiyyətdən qaçıblar. Bununla da 4:2 hesabı ilə qalib gələn “Neftçi” ardıcıl 4-cü qələbə ilə bir günlük fasilədən sonra 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qarabağ” – “Səbail” matçı ilə yekun vurulacaq. İlk oyun günündə isə “Keşlə” – “Qəbələ” (2:1) və “Sabah” – “Zirə” (2:2) qarşılaşmaları keçirilib.

Azərbaycan Premyer Liqası
IX tur
27 oktyabr (bazar)
“Sumqayıt” – “Neftçi” – 2:4
Qollar: Mehdi Şərifi, 6 (pen.), Amil Yunanov, 90+2 – Emin Mahmudov, 28 (pen.), 82 (pen.), Baqali Dabo, 34, 84
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”, 17:30
Turnir cədvəli: “Qarabağ” – 22, “Neftçi” – 17, “Keşlə” – 15, “Səbail”, “Sumqayıt” – 10, “Zirə” – 9, “Sabah” – 7, “Qəbələ” – 6.

Bombardir: Lorenzo Frutos ("Keşlə") – 5 qol.(apa)


Oxunma sayı: 5138

Oxşar yazılar