YAP-da icazəsiz aksiya ilə bağlı müzakirə – Yenilənib

  • 13:18 - 21 Oktyabr

Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov oktyabrın 19-da qanunsuz aksiyanın keçirilməsini pisləyib.

Ə. Əhmədov deyib ki, mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur: “Bu, AXCP və Milli Şura deyilən və amalı olmayan təşkilatdır. Hakim partiya olaraq, hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa, hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu, dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın istəkləri ilə üst-üstə düşür: “Ölkəmizdə xalq-iqtidar birliyi möhkəm dayaqlara söykənir. Məhz belə bir birliyə xələl gətirmək məqsədilə ölkə daxilindəki radikal müxalifətin, xaricdə isə bir sıra qüvvələrin fəaliyyətini qanunsuz aksiyanın keçirilməsində müşahidə etdik”.

Komitə sədri təəssüflə qeyd edib ki, bir sıra Qərb təşkilatlarının, səfirliklərinin nümayəndələrinin qanunsuz toplantının keçirilməsi və prosesin müşayiət olunmasına müdaxiləsi ilə bağlı artıq təkzibolunmaz sübutlar var.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların ikili standartları ilə üzləşib: “Ən faciəlisi isə odur ki, bunu demokratiya, insan haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə cəhd edirlər”.

Tədbir daha sonra çıxışlarla davam edib.

***

Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında Milli Şuranın oktyabrın 19-da icazəsiz keçirdiyi aksiya ilə bağlı tədbir keçirilir.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı deputatlar və YAP-ın üzvləri iştirak edirlər.

Tədbirdə çıxış edən Ə.Əhmədov qanunsuz aksiyanın keçirilməsini pisləyib və xarici dairələr tərəfindən idarə olunduğunu bildirib.

 


Oxunma sayı: 3422

Oxşar yazılar