BŞBPİ: "Qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb" (Yenilənib)

  • 16:25 - 19 Oktyabr

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdilər.

Bakı Şəhər Baş Polis İdarəsindən Avropa.info-ya  verilən məlumata görə, müraciətə baxılaraq «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunmuşdu. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar edilmişdilər.

Buna baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb.

Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər, hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar.

***

“İki gün öncə televiziya vasitəsilə də tərəfimdən müraciət olunmuşdu ki, Bakı şəhəri “28 May” metrostansiyasının qarşısında heç bir aksiya keçirilməyəcək. Bir daha xatırladıram ki, metronun mühafizə zonasına daxil olan heç bir yerdə heç bir aksiya keçirilə bilməz. Bununla bağlı çıxış elədim və ictimaiyyəti məlumatlandırdım”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı deyib.

İdarə rəisinin sözlərinə görə, qanunsuz aksiyaya cəhd edən insanlar olub, onların da qarşısı polis tərəfindən qətiyyətlə alınıb: “Saxlanılanlar var, onların haqqında da tədbir görüləcək. Onlar təxribat törətmək məqsədilə ictimai asayişi pozmağa cəhd etdilər, qarşıları da qətiyyətlə alındı. Hesab edirəm ki, mitinq keçirmək istəyirlərsə, onlar üçün çox yaxşı, münasib yer ayrılmışdı”.

***

İzasəsiz mitinq çağırışı edən AXCP lideri Əli Kərimli evindən çıxandan dərhal sonra saxlanılıb.

Əli Kərimli ilə yanaşı, onun bir neçə tərəfdarı da saxlanılıb. 

Bu arada, təqribən 20-30 nəfərlik Milli Şura tərəfdarı Milli Bank istiqamətində aksiya keçirməyə cəhd edib. Lakin, polis aksiyanın qarşısını alıb.

***

AXCP lideri Əli Kərimli icazəsiz müxalifət mitinqi başlamazdan əvvəl yoxa çıxıb.

Əli Kərimli saat 14: 50-də evdən çıxacağını və müxalifətin aksiya keçirməyi planlaşdırdığı “28 May” metro stansiyasına tərəf gedəcəyini söyləyib.

Əli Kərimlinin hazırkı yeri məlum deyil. Sosial şəbəkələrdə onun saxlanıldığı barədə məlumatlar yayılmışdı, lakin hələlik bunun təsdiqlənməsi yoxdur.

Xatırladaq ki, bu gün "Milli Şura" adlı qurum qeyri-qanuni aksiya keçirməyi planlaşdırır. 

Daxili İşlər Nazirliyi müxalifətin qeyri-qanuni aksiyası zamanı vətəndaşların təhlükəsizliyini təmin etmək üçün müəyyən tədbirlərə əl atıb.

Bu gün saat 12: 00-dan 16: 00-dək metronun "28 May" stansiyasına aparan bütün prospekt və küçələr bağlanıb. Söhbət həm də Azadlıq prospekti və ona bitişik küçələrdən gedir.

Bakı Metropolitenin işində də müəyyən dəyişikliklər edilib. Belə ki, saat 13: 00-dan 16: 00-dək qatarlar “28 May” stansiyasında dayanmayacaq, ona və “Cəfər Cabbarlı” stansiyasına giriş bağlanıb.


Oxunma sayı: 16919

Oxşar yazılar