Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub (FOTO)

  • 17:00 - 19 Oktyabr

Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Fəxri Şurasının iclası oktyabrın 19-da Avstriyanın Vaxau regionunda yerləşən Vösendorf qəsəbəsində keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, iclas “Yeni İpək Yolu” mövzusuna həsr olunub.

Toplantıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının Baş katibi Karlhaynts Kopf, Avstriyanın keçmiş Federal Kansleri Alfredr Quzenbauer, keçmiş nazir Sofi Karmasin, Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) rəhbərliyi və üzvləri, “Liebherr”, “Rail Cargo Austria AG” və digər şirkətlərin rəhbər şəxsləri, iş adamları və media nümayəndələri iştirak edib.

Avstriya Azərbaycan Ticarət Palatasının sədri Qerald Qerstbauer giriş nitqində təşkilatın on illik fəaliyyət dövrünə nəzər salıb, iki ölkə arasında işgüzar əlaqələrin dərinləşməsi, qarşılıqlı biznes səfərlərinin təşkili, uğurlu biznes əlaqələrinin qurulması istiqamətində görülən işlərdən bəhs edib.
Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının Baş katibi Karlhaynts Kopf və Avstriyanın keçmiş Federal Kansleri Alfred Quzenbauer ərazi və əhalisinə görə oxşar xüsusiyyətlərə malik Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının vacibliyini vurğulayaraq, hər iki ölkənin Avropa və Asiya arasında nəqliyyat və logistik bağlantıların güclənməsində mühüm rol oynaya biləcəklərini deyiblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qeyd edib ki, ATAZ on il ərzində yaradılma məqsədlərindən ən əsası olan iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da intensivləşdirilməsində önəmli rol oynayıb və bir çox uğurlara imza atıb. Həmçinin, təşkilat tərəfindən şəbəkələşmə, informasiya və məsləhət xidməti, eləcə də işgüzar səfərlər və tədbirlər təşkil edilib.

Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində böyük potensial olduğunu nəzərə alaraq, gələcəkdə də Palatanın Avstriya və Azərbaycan arasında iqtisadi, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşməsində özünəməxsus rol oynayacağı və bu istiqamətdə uğurlu fəaliyyətini davam etdirəcəyi şübhəsizdir. C. Qurbanov Palatanın Fəxri Şurasının üzvü kimi bu istiqamətdə Palataya dəstəyini əsirgəməyəcəyini də ifadə edib.

Ölkələrimiz arasında əlaqələrin rəsmi səviyyədə də yüksələn xəttlə inkişaf etdiyi xüsusi məmnunluqla qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyev Avstriya ilə əlaqələrə xüsusi önəm verir və bu ilin mart ayında Avstriyaya səfəri çərçivəsində dövlət və hökumət başçıları ilə aparılan görüşlər, eləcə də bir neçə gün öncə Bakıda Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi dövlət başçısının Avstriya ilə əlaqələrə verdiyi önəmin göstəricisidir.

C.Qurbanov bildirib ki, o, Palatanı strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik ölkələrimiz arasında körpü olaraq görür. Avstriya Mərkəzi və Şərqi Avropaya açılan qapı olduğu kimi, Azərbaycan da Mərkəzi Asiyaya çıxış üçün önəmli tranzit məkanında yerləşmişdir: “Böyük bir fəxr hissi ilə bildirirəm ki, Azərbaycanın günü-gündən beynəlxalq layihələrdə, o cümlədən dəmir yolları daşımalarında, xüsusilə tranzit daşımalarında rolu artmaqdadır. Bu sahədə son uğurlarımıza misal olaraq, cari ilin sentyabr ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin 100-ə yaxın şirkət və 24 ölkənin təmsil olunduğu “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası”na üzv qəbul olunmasını qeyd etmək olar.”

Həmçinin qeyd edilib ki, “Yeni İpək Yolu” layihəsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışı, Bakı-Gürcüstan sərhədinə qədər dəmir yolu xəttinin yenidən qurulması, Ələt şəhərində yeni ticarət dəniz limanının açılışı kimi böyük infrastruktur layihələri uğurla başa çatdığına görə respublikamız şərq-qərb marşrutu ilə yüklərin daşınması üçün tam xidmətlər təqdim etmək imkanına malikdir.

Azərbaycandan keçən şərq-qərb dəhlizinin marşrutu bu marşrutun şaxələndirilməsinə, yük sahibləri üçün yeni bir logistika məhsulu təqdim etməyə imkan verir: “Bu marşrut təkcə region ölkələrinin deyil, həm də bütün Avrasiya məkanının logistik xəritəsini dəyişə bilər. Bu marşrutu inkişaf etdirmək üçün Avstriya Federal Dəmir Yolları (ÖBB) və “Rail Cargo” kimi tərəfdaşlarımızla birgə səylər göstəririk. Bu gün Sian-Praqa marşrutu üzrə yüklərin konteyner blok qatarıyla daşınması həyata keçirilir. Bu qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən keçərək Türkiyədəki Marmaray tuneli ilə dəmir yolu vasitəsilə kəsintisiz, birbaşa Avropaya hərəkət edən ilk yük qatarı olacaq. Beləliklə, Sian-Praqa marşrutu üzrə konteyner blok qatarı Bakıdan Avropaya qədər fasiləsiz olaraq yalnız dəmir yolu vasitəsilə hərəkət edəcək.“
Bildirilib ki, İstanbul şəhərində qatarın təntənəli qarşılanma mərasiminin keçirilməsi nəzərdə tutulur. Avropada bu layihənin operatoru kimi Avstriyanın “Rail Cargo” şirkəti ən uğurlu tərəfdaş kimi görünür.

Çıxışın yekununda qeyd edilib ki, 2020-ci il bu marşrut üçün dönüş nöqtəsi olacaq və ATAZ-a bütün dövrdə bu istiqamətdə bütün təşəbbüslərdə göstərdiyi dəstəyə görə təşəkkür edilib.
İclasda təşkilata yeni qoşulmuş şirkətlər təqdim olunub, eləcə də iki ölkə arasında iqtisadi əlaqələrin perspektivləri, yeni işgüzar səfərlərin təşkili imkanları, eləcə də təşkilatın on illik yubileyinin təşkili kimi məsələlər də müzakirə edilib.

 

Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub (FOTO)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub (FOTO)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub (FOTO)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub (FOTO)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub (FOTO)
Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub (FOTO)


 


Oxunma sayı: 4775

Oxşar yazılar