Xəzərin bir hissəsi sintetik torlardan təmizlənib

  • 19 Okt - 2019

Xəzərin Zirə sahilinin bir hissəsi qadağan olunmuş balıq ovlama alətlərindən, o cümlədən sintetik torlardan təmizlənib.

Dənizdə balıq ovlamaq üçün qurulmuş sintetik torlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən qayıqlar vasitəsilə sudan yığılıb. 

Sahilboyu ərazi də sintetik torlardan təmizlənib. Aksiyada ETSN-nin rəsmiləri, Həvəskar Balqçılar İttifaqının nümayəndələri və media təmsilçiləri iştirak ediblər. 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quluyev bildirib ki, aksiyanın məqsədi qadağan olunmuş vasitələrlə ballq ovuna son qoymaq, balıq ehtiyatlarının artırılmasına nail olmaq, cəmiyyətin bütün təbəqələrinin bu işə cəlb olunmasını təşkil etməkdir: “Qadağan olunmuş vasitələrlə balıq ovlanması təbiətimizə qarşı vandal münasibətdir. "Elektrik cərəyanları, sintetik torlarla balıq ovlayanları belə hərəkətlərdən çəkinməyə çağırıram, əhaliyə müraciət edirəm ki, bu cür hallarla rastlaşarkən onlar barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”.

Nazir müavini brakonyerliklə məşğul olanların kimlikləri barədə məlumatları olduğunu da bildirib: “Onlar haqqında bu yaxınlarda cinayət işi qaldırılacaq. Digərlərinə də xəbərdarlıq edirik ki, bu işdən çəkinsinlər. Əks halda onlar da külli miqdarda cərimə olunacaq və hüquq mühafizə orqanları barələrində cinayət işi açacaq. Odur ki, belələrini bu cinayətdən əl çəkməyə səsləyirəm. Bu aksiya birinci və sonuncu deyil, davamlı olacaq və bütün su hövzələrində davam edəcək. Yəni biz təbiət düşmənlərinə qarşı mübarizəmizi sonuna qədər davam etdirəcəyik."

Aksiyada iştirak edən Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib ki, bu tədbirlərin nəticəsi yenə də sivil qaydalarla balıq ovlanmasının vacibliyini ortaya qoyur. Biz sivil balıq ovunun təbliğini dəstəkləyirik, qadağan olunmuş vasitələrlə balıq ovlanmasına qarşıyıq və hər zaman belə aksiyalarda iştirak edəcəyik. İnanın ki, belə təbliğatdan sonra artıq sintetik torları satanlar mallarını piştaxtalardan yığışdırıb. Birlikdə bu mübarizəni davam etdirsək, tezliklə nəticə əldə edərik.

Aksiyada iştirak edən həvəskar balıqçı Yağnəliyev Ramil isə qanunsuz balıq ovlayanlara səslənərək bu cür əməllərindən əl çəkməyə çağırıb: “Bu gün ərazidə gördüyümüz torlar qanunda istifadəsi qadağan olunan sintetik torlardır. Həmin torlar balıqların kütləvi şəkildə məhv olunmasına gətirib çıxarır. Mən də bu cür vəhşi ovlanmaya qarşıyam və belələrinə səslənərək demək istəyirəm ki, onlar da bizim kimi sivil qaydada tilovla ya da qanunda göstərilən torlarla balıq tutsunlar. Biz təbiəti qorumalıyıq və gələcək nəsilə də balıq saxlamalıyıq”.


 


Oxunma sayı: 485

Oxşar yazılar