“Dövlət bayrağının istifadə qaydaları haqqında” qanuna dəyişiklik edilir

  • 17 Okt - 2019

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. 

APA-nın xəbərinə görə, Milli Məclis  Sədrinin birinci müavini, komitə sədri  Ziyafət Əsgərov iclası açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Əvvəlcə millət vəkilləri “Azərbaycan Hökuməti ilə Polşa Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” sazişin  təsdiq  edilməsi barədə qanun layihəsinə baxıblar. 

Qeyd olunub ki,  artıq ölkəmiz bir neçə  dövlətlə  bu qəbildən olan sazişlər bağlayıb. Sənəddə sazişin məqsədi,  məxfi məlumatların qorunması, prinsipləri, ötürülməsi, məxfi məlumatların məhv edilməsi, çoxaldılması, tərcüməsi, məxfi  kontraktlar, bu sahədəki  səlahiyyətli orqanlar barədə anlayışlar ətraflı şəkildə əksini tapır. Millət vəkilləri sənədin mükəmməl şəkildə hazırlandığını və böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.

Sonra iclasda “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Dövlət  bayrağının istifadə qaydaları haqqında” qanunlarda  dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, ölkə Prezidentinin 2019-cu  il 11 aprel  tarixli  623 nömrəli  Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı  haqqında Əsasnamə” və “Silahlı  Qüvvələrin Ali Baş Komandanının bayrağının təsviri”  təsdiq  edilib.  Həmin fərmanlarla Ali Baş Komandanının bayrağının vahid forması müəyyənləşdirildiyindən, təklif edilən bu qanunlarda dəyişikliklər edilməsi həmin münasibətlərin tənzimlənməsinə xidmət edir.

Müzakirələrdən sonra hər iki sənədə komitədə üç oxunuşda  baxılıb və məqbul sayılaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Oxunma sayı: 595

Oxşar yazılar