BMU-nun tələbələri beynəlxalq təlimdə iştirak hüququ qazanıblar

  • 17 Okt - 2019

Bakı Ekspo Mərkəzində təşkil olunan 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi Bakı Mühəndislik Universitetinin (BMU) xarici universitetlərlə əlaqələrinin qurulması baxımından da önəmli rol oynayıb. Belə ki, sərgi müddətində BMU-nun stendini ziyarət edənlər arasında xarici universitetlərin nümayəndələri də olub.

Avropa.info-nun məlumatına görə, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov və Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov sərgi müddətində müxtəlif ölkələrdən sərgiyə qatılan xarici universitet nümayəndələri ilə əməkdaşlığın qurulması və ortaq layihələrin hazırlanması istiqamətində müzakirələr aparıblar. Belə müzakirələrdən biri də Ruminiyanın Azərbaycandakı Dil və Mədəniyyət Mərkəzinin direktoru xanım İosefina Blazsani-Batto ilə olub. Görüş zamanı sözügedən mərkəzin rəhbərliyi ilə icra olunan “The Solution is Less Pollution (Həll az çirkləndirmədir)” adlı layihəyə BMU-nun da tərəfdaş kimi qoşulması təklif olunub. Layihə Avropa Birliyinin maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində icra edilir.

Görüşdə BMU tələbələrinin də layihədə iştirak etməsi razılaşdırılıb. Əldə olunan razılaşmanın davamı olaraq Erasmus+ proqramı ilə təhsil almaq üçün müraciət etmiş tələbələr arasında müsahibə keçirilib. Layihə rəhbəri BMU tələbələri üçün ayrılmış 3 nəfərlik yeri, universitetin tələbələrinin çox fəal və yüksək səviyyədə ingilis dili biliyinə sahib olduqlarını nəzərə alaraq 4 nəfərə çatdırıb.

Qalib olan tələbələr Ləman Əliyeva, Nailə Seyidova, Rəfi Tağızadə və Arzu Tosayeva layihə çərçivəsində 2-12 dekabr 2019-cu il tarixində Almaniyanın Brilon şəhərində keçiriləcək beynəlxalq qeyri-formal təlimdə iştirak etmək hüququ qazanıb. Bununla yanaşı, BMU tələbələri Leyla Rzazadə layihənin ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsinə, Zəhra Naxçivani, Nicat Nəbiyev və Fatma Abaszadə layihənin təbliğat-təşviqat işçi qrupuna seçiliblər.


Oxunma sayı: 507

Oxşar yazılar