Hökumətin dövlət borcunun idarə edilməsinə dair strategiyası – Şərh

  • 15:03 - 17 Oktyabr

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb. Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə də təsdiqlənib.

Agentlik vasitəsilə dövlət borcuna və dövlət zəmanəti üzrə yaranmış borca xidmət göstəriləcək. Ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə müddətli likvidlik (onlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq) təqdim ediləcək.

Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi vasitəsilə xüsusi maliyyələşmə prinsipləri, o cümlədən dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsi təklif edilən layihələr və təşəbbüslər üzrə dövlətin maliyyə öhdəliklərini hesablamaq, riskləri və onların bölgüsünü qiymətləndirmək, maliyyə təminatına dair rəy vermək və rəylə razılaşmayan tərəflərə onların yuxarı icra hakimiyyəti orqanına müraciət etmə imkanı barədə hüquqları izah olunacaq.

Yada salaq ki, hökumətin xarici borclanma ilə bağlı siyasətində ciddi dəyişiklik müşahidə olunmaqdadır. Bu ilin birinci yarısında Azərbaycanın xarici dövlət borcu 8 milyard 920 milyon dollar olub. 

Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü zamanı bildirdi ki, Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir: “Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik”.

Xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 17 faiz (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manatlıq ÜDM-ə nisbətdə) təşkil etməsi təbii ki, yaxşı göstəricidir. Beynəlxalq standarta görə, xarici borcun həcmi ÜDM istehsalının 40 faizini ötdükdə kritik hədd sayılır. Bu baxımdan Azərbaycanın xarici borcu kritik həddən 2,4 dəfə azdır.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Müqayisə üçün deyək ki, ötən ilin eyni dövründə analoji göstəricilər belə ölüb:  Azәrbaycan xarici dövlәt borcu 9,600.2 milyon ABŞ dolları ,  xarici  dövlәt  borcunun Ümumi Daxili Mәhsula (ÜDM)  olan  nisbәti  21.9 faiz (2018-ci il  üçün hesablanmış  74,646.9 milyon manatlıq ÜDM-ә  nisbәtdә)  tәşkil  edib.

Beləliklə, son  1 ildə xaric borc 680 milyon dollar, ÜDM-ə nisbətdə  isə 3,8 faiz-bənd azalıb. Təbii ki, müsbət tensensiyadır və hökumətin xarici borclarla bağlı yeni strategiyasına adekvatdır.  Baxmayaraq ki, ölkənin valyuta ehtiyatı 45 milyard dollardır,  yəni xarici borclardan düz 5 dəfə çoxdur. Bununla belə, hökumətin konservativ büdcə siyasəti pozitiv tendensiyadır və daxili resurslardan daha effektiv istifadəyə hesablanıb.

Maliyyə naziri Samir Şərifovun  ilin birinci yarısının yekunlarına dair dövlət başçısı İlham Əliyevin yanında keçirilən müşavirədəki çıxışı da hökumətin dövlət borcları siyasətinin dəyişdiyini göstərir: “Borcun səviyyəsini endirməyə nail olmuşuq və indiki səviyyənin saxlanılmasını təmin edirik. Eyni zamanda, bəzi əhəmiyyətli layihələrə dövlət zəmanətləri”.

“Hökumətin dövlət borcu idarəçiliyi strategiyası və onun xarici valyuta ilə ifadə edilmiş borc öhdəliklərini azaltmaq niyyəti təqdirəlayiqdir. Hazırda hökumət Beynəlxalq Valyuta Fondundan borc almaqla bağlı hər hansı bir danışıqlar aparılmır.”  Bunu Beynəlxalq Valyuta Fondunun  Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa da təsdiqləyib.

Ötən il “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” və Yeni büdcə qaydası təsdiq edilib. Ötən ildən artıq dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın icrasına başlanılıb və görülən tədbirlər hesabına xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti ilin əvvəlindəki 22,8 faizdən 19,0 faizə enərək 3,8 faiz-bənd azalıb.

Hökumətin daxili resurslardan effektiv istifadə kursu davamlı olacaqsa, yaxın gələcəkdə xarici borclanmaya qətiyyən ehtiyac olmayacaq və daxili resurslar hesabına ən müxtəlif strateji əhəmiyyətli layihələrə maliyyə mənbələri  tapmaq mümkün olacaq. Bu baxımdan hökumətin xarici borclanmaya indiki münasibəti təqdirəlayiqdir.

Qadir İbrahimli
Avropa.info


Oxunma sayı: 11694

Oxşar yazılar