ABŞ qanun layihəsini qəbul etdi - Konqresdən Ərdoğan və Türkiyəyə qarşı qalmaqallı qərar

  • 12:05 - 17 Oktyabr

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyası sədri demokrat Eliot Engel və respublikaçıların komissiyadakı lideri Maykl Makkaulun Türkiyənin Suriyada başlatdığı hərbi əməliyyatın başa çatması üçün hazırladıqları qanun layihəsi Komissiyada qəbul olunub. 

Avropa.info xəbər verir ki, qanun layihəsində Türkiyə rəsmiləri və müdafiə sənayesi ilə əlaqəsi olan banklara sanksiyaların tətbiq olunması nəzərdə tutulur.

Eyni qanun layihəsində Türkiyənin Rusiyadan S-400 HHM sistemi satın alınması ilə bağlı sanksiya maddəsi də var. Qanun layihəsi qüvvəyə minərsə, Suriyada əməliyyat aparan Türkiyə Silahlı Qüvvələrinə silah satışının qarşısı alınacaq.

PACT (Türkiyənin başladığı münaqişəyə qarşı qanun - Protect Against Conflict by Turkey Act) adı verilən qanun layihəsində bu maddələr var:

Bu maddə qüvvəyə mindiyi təqdirdə 15 gün ərzində Türkiyə müdafiə naziri, TSQ baş qərargah rəisi, 2-ci Ordu komandanı, xəzinə və maliyyə nazirinə sanksiya tətbiq olunması nəzərdə tutulur.

Maddədə sadəcə vəzifələr göstərilir, hazırda bu vəzifələri icra edən şəxslərin adı hallanmır.

Qanun layihəsinin qüvvəyə minməsindən sonrakı 30 gün ərzində ABŞ dövlət katibi, müdafiə naziri, milli kəşfiyyat direktorunun bir araya gələrək siyahı hazırlaması nəzərdə tutulur.

“Suriyanı işğal etmək qərarı verən türk rəsmilər, suriyalı kürd icması və əməliyyatın təsirinə məruz qalan icmalara qarşı hücumlara başçılıq edən yüksəkvəzifəli türk rəsmiləri, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına yardım edən türk rəsmilər” müəyyən edilərək siyahıya əlavə olunacaq.

Siyahının 60 gündə bir yenilənməsi nəzərdə tutulur. Siyahı hər dəfə yeniləndiyində 15 gün ərzində yeni adlara qarşı da sanksiyaların qüvvəyə minməsi nəzərdə tutulur.

Qanunun qüvvəyə minməsi halında ən çox 120 gün ərzində ABŞ dövlət katibinin kəşfiyyat xidməti və Maliyyə Nazirliyi ilə birgə işləyərək Türkiyə prezidenti Ərdoğanın və ailəsinin (arvadı, uşaqları, ana-atası və bacıqardaşları) ehtimal olunan əmlakı, gəlirləri və sanksiyalara dair hesabat hazırlaması tələb olunur. 

ABŞ-ın Silah İxracatına Nəzarət Qanunu ilə müəyyən edilən hər hansı bir amerikan müdafiə vasitəsi, ya da xidməti TSQ-nin Suriyadakı əməliyyatlarında istifadə olunması üçün Türkiyəyə göndərilməyəcək.

Ancaq NATO-nun təsdiq etdiyi əməliyyatlar, ya da Türkiyədə Amerikanın əməliyyatları üçün istifadə edəcəyi vasitələr üçün, ya da prezidentin “fövqəladə” saydığı hallar üçün bu maddədə istisna ola biləcək.

Qanun layihəsinin qüvvəyə minməsindən sonrakı 30 gün ərzində ABŞ dövlət katibi, müdafiə naziri, milli kəşfiyyat direktoru bir araya gələrək bu şəxsləri və təşkilatları müəyyən edəcək. Sonrakı 60 gün ərzində də sanksiyalar tətbiq olunmağa başlanılacaq.

Qanun layihəsində “Halkbank” üçün ayrıca paraqraf var. Bu paraqrafa görə, layihənin qüvvəyə mindiyi tarixdən sonrakı 15 gün ərzində ABŞ prezidenti “Halkbank”a ya da bu bankın iştirak etdiyi hər hansı təşkilata maliyyə sanksiyası tətbiq edəcək.

Türkiyənin Suriyadakı əməliyyatının başa çatması və “İŞİD əleyhinə mübarizəyə mane olmaması” halında sanksiyaların dayanması da qanun layihəsində nəzərdə tutulur.

Layihənin 11-ci paraqrafında daha əvvəlki maddələrdə tətbiq olunması nəzərdə tutulan maddələr sıralanır.

Qanunauyğun müəyyən edilən şəxslərin və təşkilatların ABŞ-dakı aktivləri dondurulacaq, satılması, ya da dəyişdirməsi mümkün olmayacaq.

Bu şəxslər “ABŞ-a daxil ola bilməz, ABŞ-a giriş üçün viza, ya da hər hansı başqa sənəd ala bilməz, daha əvvəl aldığı viza, ya da sənədlər nə vaxt alınmasına baxmayaraq, qanun qüvvəyə mindiyi anda ləğv edilmiş sayılır”.

Bu maddənin tək istisnası, sanksiya tətbiq olunan şəxslərin Nyu-Yorkda yerləşən BMT qərargahına getməsini ehtiva edən hallar olacaq.

Qanunun qüvvəyə minməsindən sonrakı 30 gün ərzində hissələri 12 iyul 2019-cu ildə Türkiyəyə göndərilməyə başlayan S-400 HHM sisteminin satışı daha əvvəl gündəmə gələn CAATSA sanksiyalarının başlamasını nəzərdə tutur. 

ABŞ Müdafiə Nazirliyinin həm İŞİD üzvlərinin nəzarətdə saxlanılmasına dair, həm də Türkiyənin hərbi əməliyyatlarının regiondakı təsirlərinə dair hesabat hazırlaması və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasına təqdim etməsi tələb olunur.

Qanun layihəsində təklif olunan sanksiyaların qüvvəyə minməsi halında sanksiyalar Türkiyənin hərbi əməliyyatları dayandırması, ya da 3 il keçməsi halında qüvvədən düşəcək.

11 oktyabrda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyasına təqdim olunan qanun layihəsi komitədə müzakirə olunduqdan sonra Nümayəndələr Palatasına göndəriləcək və səsvermə üçün tarix müəyyən olunması gözlənilir.

Layihənin 435 nəfər nümayəndəsi olan Nümayəndələr Palatasında səsverməyə qoyulması halında sadə səs çoxluğu ilə qəbul olunması lazımdır. Qanun layihəsi 218 səslə keçərsə, növbəti səsvermə üçün Senata göndəriləcək.

Konqresin digər palatası Senatda da əlaqədar komissiyaya verilən qanun layihəsi müzakirə olunduqdan sonra Senatda səsverməyə qoyulması üçün tarix müəyyən ediləcək.

Əgər Senat sanksiyalar paketini olduğu kimi qəbul edərsə, imzalanmaq üçün prezidentə gedəcək. Prezident qanun layihəsində dəyişiklik etmək istərsə, yenidən Nümayəndələr Palatasına göndəriləcək.

Son nəticədə həm Nümayəndələr Palatası, həm Senatda səsverməyə qoyulan qanun layihəsi təsdiqlənməsi üçün prezidentə gedəcək. Layihəni imzalaması, yaxud veto qoyması üçün ABŞ prezidentinin 10 gün vaxtı olacaq.

ABŞ Konstitusiyasına görə, prezident tərəfindən veto qoyulan layihənin Konqresin həm Nümayəndələr Palatası, həm də Senatda üçdə iki səs çoxluğu ilə bir daha qəbul edilməsi halında veto haqqı qüvvədən düşür.

Qeyd edək ki, keçən həftə Nümayəndələr Palatasında Respublika Partiyasının Vayominqdən olan deputatı Liz Çeni 28 respublikaçı ilə birgə Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasını nəzərdə tutan bir başqa qanun layihəsi də təqdim etmişdi. Senatda da respublikaçı senator Kindsi Qrem və demokrat Kris Van Hollenin birgə hazırladığı sanksiyalar layihəsi təqdim olundu. Qarşıdakı günlərdə bu iki layihənin də müzakirə olunması gözlənilir.

Xatırladaq ki, Tramp daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu, müdafiə naziri Hulusi Akar, energetika və təbii ehtiyatlar naziri Fateh Dönməzi sanksiyalar siyahısına salan sərəncamı imzalamışdı.


Oxunma sayı: 5105

Oxşar yazılar